"Tramp gah deyir ki, İrana dəhşətli zərbə vuracağam, zərbəyə çatanda deyir ki, biz artıq sözləşməyə yaxınıq" - Zərdüşt Əlizadə

 13:09 12.06.2026     400

Prezident Donald Tramp ABŞ-nin İranla müharibəyə son qoyduğunu, tərəflərin nüvə silahı məsələsində razılığa gəldiyini deyib. Daha sonra isə İran xarici işlər nazirinin sözçüsü İsmail Bəqai razılaşmanın olduğunu təsdiq edib. Amma İran rəsmisi nüvə silahı məsələsindən danışmayıb.

Politoloq Zərdüşt Əlizadə Redaktor.az-a açıqlamasında qeyd etdi ki, ABŞ Prezidenti Donald Trampın hər dediyinə inanmaq lazım deyil.

Müsahibimiz vurğuladı ki, müharibə ərəfəsində bir-birinə zidd nə qədər fikirlər səsləndirilib:

"Tramp gah deyir ki, biz sözləşməyə yaxınıq, gah deyir ki, mən İranı məhv edəcəyəm, gah deyir ki, dəhşətli zərbə vuracağam. Zərbəyə çatanda deyir ki, biz artıq sözləşməyə yaxınıq. Tramp Amerika xalqına şad xəbər vermək istəyir ki, İran bir daha nüvə silahına malik olmayacaq. Bu, tamamilə məntiqsizdir. Məsələ ondadır ki, İran İslam Respublikası rəsmi şəkildə bildirib ki, onun nüvə silahına malik olmaq niyyəti yoxdur. Əsas məsələ odur ki, İranda Amerika imperiyasına tabe olmayan bir siyasi üsul-idarə var, quruluş var. Bu, onları əsəbləşdirir. Hamı Amerikanın dediyinə "bəli" deyir. Amerikanın sanksiya siyasəti nəticəsində bütün dünyada 30 milyondan çox insan ölüb, həlak olub. Bu, böyük bir dövlətin cinayətidir".

Siyasi şərhçi vurğuladı ki, İran müharibə istəmir:

"İran şərtlərini deyib: "Bəsdir fələstinliləri, livanlıları qırdınız, müsəlman torpaqlarını işğal etdiniz. Və bizdən oğurladığınız onlarla milyard dolları qaytarmalısınız. Biz bundan sonra sizin mərhəmətinizdə qalmayacağıq". İran deyib ki, Hörmüz boğazına bundan sonra nəzarət edəcəyik. Nəyə görə? Siz bizə də zərbələr endirmisiniz, 300 milyard dollarlıq ziyan vurmusunuz. Biz sizə deyirik ki, vurduğunuz ziyanı qaytarın, deyirlər qaytarmayacağıq. Siz qaytarmırsınız, biz də boğazı bağlayırıq və oradan hər keçən gəmidən 2 milyon dollar pul alacağıq".

Zərdüşt Əlizadə ABŞ və İran arasında sülh ehtimalından da danışdı:

"Əminəm ki, İranla ABŞ arasında heç vaxt əbədi sülh olmayacaq. Amerikanın məqsədi İran İslam Respublikasını məhv etməkdir, İrandakı quruluşu devirmək, İranı özünə tabe etməkdir. Tramp dəfələrlə onu açıq deyib ki, mən Venesuela neftini götürdüm, Yaxın Şərq nefti, ərəblərin nefti mənə tabedir, İranın da neftini götürəcəyəm. Açıq şəkildə deyib ki, mənim məqsədim İran neftini ələ keçirməkdir. Amerika bütün dünya neft ehtiyatlarına sahib olmalıdır. Amma bunu hərbi yolla etmək istədi, alınmadı. Elə bir atəşkəs kimi hansısa müqavilə imzalayacaq və hey çalışacaq ki, İrandakı siyasi quruluşu devirsin. Misirdəki kimi, Səudiyyədəki kimi, Bəhreyndəki kimi oyuncaq quruluş, tabe olan, qul, kölə bir quruluş yaratsın orada ki, Amerikanın əmrlərini yerinə yetirsin".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən