Ermənistanla sülh sazişindən sonra sərhədlərin açılması mümkündür - Deputat

 20:01 12.06.2026     370

Ermənistanın Baş naziri Nikol Paşinyanın fikrincə, Ermənistanla Azərbaycan arasında insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst hərəkəti sülhün bərqərar olmasının praktiki sübutu olacaq.

“Təsəvvür edin: biz Azərbaycana gedib-qayıdırıq, Azərbaycan Ermənistan ərazisindən keçərək gedib-qayıdır, qatarlar keçir - sülh elə budur”, - deyə baş nazir bildirib.

Milli Məclisin deputatı Tural Gəncəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, Paşinyanın Ermənistan-Azərbaycan arasında sülhün bərqərar olunması üçün qarşılıqlı kommunikasiya xətlərinin açılması ilə bağlı səsləndirdiyi fikirlər, Ermənistan ərazisindən keçməklə, məsələn, Zəngəzur vasitəsilə Naxçıvana gediş-gəlişin təmin olunması, eləcə də gələcəkdə Azərbaycan üzərindən müvafiq yük və sərnişin qatarlarının hərəkət etməsi məsələsi tamamilə normaldır və sülh prosesinə töhfə verə biləcək bir addımdır:

“Çünki Azərbaycan olaraq biz müharibə başa çatdıqdan sonra regionda əməkdaşlığın genişləndirilməsi, kommunikasiya xətlərinin açılması və nəqliyyat dəhlizlərinin fəaliyyətə başlaması məsələsində təşəbbüskar tərəf olmuşuq. Azərbaycanın məhz Zəngəzur dəhlizinin açılması ilə bağlı irəli sürdüyü təşəbbüs bir daha sübut edir ki, bəzi revanşist qüvvələrin və ya məsələni düzgün anlamayan şəxslərin iddialarının əksinə olaraq, Zəngəzur dəhlizinin açılması regional kommunikasiyaların genişlənməsinə xidmət edir. Bu, həm Azərbaycanın Naxçıvanla əlaqələrinin daha da güclənməsinə şərait yaradır, həm də Ermənistan üçün regional izolyasiyadan çıxmaq imkanı formalaşdırır. Ona görə də bunu təbii qarşılayıram. Bu, müsbət hadisə və müsbət amildir. Sülhün gətirəcəyi nəticələr yalnız regional kommunikasiya xətlərinin, marşrutların, dəmir yolu xətlərinin, sərnişin və yük daşımalarının, eləcə də avtomobil yollarının açılması ilə məhdudlaşmayacaq”.

Siyasətçi qeyd etdi ki, eyni zamanda ikitərəfli siyasi münasibətlərin qurulmasının, diplomatik əlaqələrin bərpa edilməsinin, gələcəkdə sərhədlərin açılmasının da şahidi ola bilərik:

“Bu, həm Ermənistan-Azərbaycan, həm də Ermənistan-Türkiyə münasibətlərinə aiddir. Diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması məsələlərinin yaxın və ya nisbətən uzaq gələcəkdə reallaşması mümkündür. Ona görə də burada hər hansı təəccüblü məqam görmürəm. Bu məsələlərin hamısı sülhün tərkib hissəsidir. Sülh əldə edildikdən sonra isə bu proseslər öz təbii axarı ilə inkişaf edəcək və davam edəcək”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən