ABŞ-İran memorandumu qələbə deyil, siyasi kompromisdir - Rəşad Bayramov

 17:41 17.06.2026     519

“ABŞ və İran arasında imzalanacağı gözlənilən memorandumun məzmunu, hüquqi statusu və tərəflərin üzərinə götürdüyü öhdəliklər yekun şəkildə açıqlanmadan “qələbə” və ya “məğlubiyyət” kimi qiymətləndirmələr aparmaq çətindir. Bununla belə, siyasi baxımdan bir neçə məqamı qeyd etmək mümkündür”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Rəşad Bayramov açıqladı.

O vurğuladı ki, mövcud məlumatlar onu deməyə əsas verir ki, Anlaşma Memorandumu İranın nüvə proqramı, Hörmüz boğazının blokadası və regional təhlükəsizlik məsələləri üzrə müəyyən güzəştləri qarşılığında iqtisadi məhdudiyyətlərin yumşaldılmasını nəzərdə tutur:

“Bu halda Tehran diplomatik təcriddən çıxmaq istiqamətində mühüm uğur əldə etmiş sayıla bilər. Xüsusilə uzun illər ərzində ağır iqtisadi sanksiyalar, yüksək inflyasiya və sosial-iqtisadi problemlər fonunda ABŞ-la hər hansı razılaşma İran iqtisadiyyatına nəfəs almaq imkanı yarada bilər. Bu mənada İran rəhbərliyi prosesi daxili auditoriyaya öz maraqlarına uyğun nəticə kimi təqdim etməyə çalışacaq və artıq çalışır da.

Lakin bunu İranın qələbəsi kimi təqdim etmək doğru olmaz. Çünki Vaşinqton da belə bir razılaşmaya yalnız öz strateji maraqlarının təmin olunması qarşılığında gedir. ABŞ üçün əsas prioritetlər İranın nüvə fəaliyyətinin nəzarətdə saxlanılması, regionda gərginliyin azaldılması və mümkün hərbi eskalasiyanın qarşısının alınmasıdır. Memorandumda da məhz bu istiqamətdə razılaşmalar nəzərdə tutulduğu üçün söhbət bir tərəfin qələbəsindən deyil, qarşılıqlı maraqlar əsasında əldə edilmiş kompromisdən gedir.

Odur ki, əldə edilən razılaşmanı prinsipcə hər iki tərəfin diplomatik uğuru kimi xarakterizə etmək mümkündür. Əsl qiymətləndirmə isə sənədin konkret müddəaları, sanksiyalarla bağlı real dəyişikliklər və razılaşmanın uzunmüddətli nəticələri məlum olduqdan sonra verilə bilər. Əgər Tehran iqtisadi dividendlər əldə edər, eyni zamanda nüvə proqramı ilə bağlı mövqeyindən geri çəkilməzsə, yalnız o zaman İranın danışıqlardan daha çox qazanan tərəf olduğu barədə fikir yürütmək olar. Hazırkı mərhələdə isə ən düzgün yanaşma bunu tərəflərin qarşılıqlı güzəştləri əsasında formalaşan siyasi kompromis kimi dəyərləndirməkdir.”

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən