“İran öz müttəfiqləri ilə koordinasiyanı gücləndirir” - Politoloq
Məlum olduğu kimi, bir neçə gün sonra ABŞ və İran arasında uzun müddətdir davam edən gərginliyə və qarşıdurmaya son qoya biləcək razılaşmanın imzalanacağı gözlənilir. Bu razılaşmanın imzalanması təkcə İran və ABŞ-yə deyil, bütün Yaxın Şərq regionuna, o cümlədən İranla həmsərhəd ölkələrə də təsirsiz ötüşməyəcək. Xüsusilə, İranın nüvə proqramından imtinası baş tutarsa, bu, regiondakı geosiyasi proseslərə əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev Redaktor.az-a açıqlamasında bildirdi.
Onun sözlərinə görə, belə bir tarixi hadisənin müzakirə olunduğu vaxtda İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai keçirdiyi mətbuat konfransında Cenevrə danışıqlarından əvvəl region ölkələrinə səfərlərin planlaşdırıldığını bildirib. Bu isə bir sıra siyasi mesajlar və motivlər ehtiva edir:
"Əvvəla, İran rəsmiləri danışıqlardan öncə, xüsusilə öz müttəfiqləri ilə görüşlər keçirərək nəzərdə tutulan razılaşmanın İranın və onun tərəfdaşlarının maraqlarına uyğun şəkildə formalaşdırılmasına çalışırlar. Çoxşaxəli münaqişələrdə tərəflərin öz müttəfiqləri ilə mövqelərini koordinasiya etməsi tamamilə normal praktikadır. Üstəlik, belə səfərlər tərəfin regional dəstəyə malik olduğu görüntüsünü gücləndirməyə xidmət edir.
Məsələn, razılaşmada yer aldığı iddia olunan Livanda hərbi əməliyyatların dayandırılması məsələsi ABŞ və onun əsas müttəfiqi olan İsrail ilə razılaşdırılmalı mövzulardan biridir. Digər tərəfdən, münaqişə dövründə dünya bazarlarında neftin qiyməti yüksəlmişdi. Donald Trampın son açıqlamasından sonra isə neft qiymətlərində yenidən eniş müşahidə olunmağa başlayıb. Belə bir şəraitdə Körfəz ölkələri ilə mümkün sazişdən sonrakı iqtisadi və enerji məsələlərinin müzakirəsi xüsusi əhəmiyyət kəsb edir".
Siyasi şərhçinin fikrincə, razılaşmanın əldə olunmasından sonra İrana tətbiq edilən sanksiyaların bir hissəsinin ləğvi və dondurulmuş aktivlərin qaytarılması ehtimalı mövcuddur:
"Bu isə regional dövlətlərlə yeni layihələrin həyata keçirilməsinə, yeni ticarət və nəqliyyat marşrutlarının yaradılmasına, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsinə imkan yarada bilər. Cenevrə görüşündən əvvəl regional ölkələrlə belə təmasların qurulması İranın danışıqlar prosesində mövqeyini daha da gücləndirir.
Ümumilikdə, bu səfərlər bir əsas məqsədə xidmət edir: İranın regional müstəvidə tək olmadığını nümayiş etdirmək. Tehran göstərməyə çalışır ki, onun ciddi tərəfdaşları, iqtisadi və geosiyasi layihələri mövcuddur. Cenevrə görüşündən əvvəl Vaşinqtona verilən əsas mesaj da məhz bundan ibarətdir".
Xədicə BAXIŞLI













