Gizli razılaşmanın detalları: Kim uddu, kim uduzdu?

 17:02 18.06.2026     460

“Anlaşma memorandumu, təbii ki, Amerika Birləşmiş Ştatları ilə İran arasında, eləcə də ABŞ və İsrail ilə İran arasında ötən ilin iyunundan başlayan, müəyyən fasilələrdən sonra isə 28 fevral tarixində yenidən davam edən qarşıdurma, hərbi əməliyyatlar və qarşılıqlı zərbələr prosesinin dayandırılması istiqamətində atılmış mühüm addımdır. Bu sənədin nə qədər müddət qüvvədə qalacağı və nə dərəcədə işlək olacağı isə təbii ki, hələ də ciddi suallar doğurur. Buna baxmayaraq, razılaşmanın əldə olunması və sənədin imzalanması qarşıdurmanın döyüş meydanından danışıqlar masasına daşınması baxımından ciddi ümidlər yaradır”.

Bu barədə Redaktor.az-a açıqlamasında İran–ABŞ anlaşma memorandumu haqqında danışan politoloq Xəyal Bəşirov bildirdi.

Müsahibimiz hesab edir ki, bu anlaşma memorandumu gələcəkdə İranla ABŞ arasında daha genişmiqyaslı sülh sazişinin imzalanmasına da zəmin yarada bilər:

“Hər halda bu, tərəflərin siyasi iradəsindən asılı olacaq. Ən azı hazırkı mərhələdə növbəti 60 gün ərzində danışıqların davam etdirilməsi və yekun razılaşmanın əldə olunması üçün vaxt müəyyənləşdirilib. Bu müddətdən səmərəli istifadə etmək üçün tərəflər konkret addımlar atmalıdırlar. Təəssüf ki, uzun müddətdir davam edən danışıqlar fonunda belə, razılaşmanın əldə olunduğu mərhələdə qarşılıqlı ittihamlar səngiməyib. Bir tərəf qarşı tərəfin anlaşmaya əməl etməyəcəyi təqdirdə ona zərbə vuracağını bildirir, digər tərəf isə cavab verəcəyini bəyan edir. Hesab edirəm ki, bütün bunlar danışıqlar prosesinin və imzalanmış sənədin ruhuna uyğun deyil. Buna baxmayaraq, qarşılıqlı təhdidlərin davam etdiyi bir şəraitdə belə sənədin imzalanması müəyyən uğur kimi qiymətləndirilə bilər. Ümumilikdə götürdükdə, düşünürəm ki, bu prosesdə hələlik ən çox itirən tərəf Amerika Birləşmiş Ştatlarıdır. İran və İsrail isə proses bu şəkildə davam edərsə, ABŞ ilə müqayisədə daha uğurlu nəticələr əldə edə bilərlər. İsrail baxımından yanaşdıqda, o, qarşısına qoyduğu məqsədlərdən birinə nail oldu. İranın əvvəlki siyasi-hərbi rəhbərliyində təmsil olunan bir sıra şəxslər, o cümlədən Əli Xamneyiyə yaxın çevrədən olan şəxslər zərər gördü və ya hədəfə alındı. İsrail bunu öz hərbi gücünün nümayişi və müəyyən mənada uğuru kimi təqdim edə bilər. Digər tərəfdən, İsrail 1967-ci ildən sonra ilk dəfə olaraq nəzarət etdiyi ərazilərin coğrafiyasını genişləndirib. Hazırda danışıqlar prosesində həmin ərazilərdən çıxması ilə bağlı ciddi tələblər gündəmdə deyil. İsrail Qəzzada, Livanda və Suriyada nəzarət etdiyi əraziləri genişləndirib. Bu baxımdan proses İsrailin strateji maraqları çərçivəsində qiymətləndirilə bilər. İsrail danışıqlarda birbaşa iştirak etməsə də, ABŞ vasitəsilə öz mövqeyini və tələblərini irəli sürür”.

Politoloq İranın əldə etdiyi nəticələrdən də bəhs etdi:

“İranın əldə etdiyi nəticələrə gəlincə, Tehran hələlik özünün regional təsir imkanlarını tam itirməyib. Əksinə, müəyyən dairələrdə bu təsirin güclənməsi istiqamətində proseslər müşahidə olunur. Bundan əlavə, İranın zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsi ilə bağlı konkret mövqe görünmür və bu məsələ hələ də müzakirə mövzusu olaraq qalır. Digər mühüm məsələ Hörmüz boğazı ilə bağlıdır. İran bu boğazın nə qədər ciddi geosiyasi və iqtisadi alət olduğunu bir daha nümayiş etdirdi. Dünya da gördü ki, Hörmüz boğazı İranın əlində mühüm təsir vasitələrindən biridir. Gələcəkdə hər hansı təhdid və ya təzyiq halında Tehranın bu vasitədən yenidən istifadə etməsi ehtimalı kifayət qədər yüksəkdir. Bununla yanaşı, ərəb ölkələri ilə İran arasında münasibətlərin müəyyən qədər yaxınlaşması da Tehran üçün müsbət nəticə hesab oluna bilər. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və hətta Bəhreynin İranla təmasları və danışıqları bunu göstərir. Həmin ölkələr ABŞ və İsrail tərəfindən prosesə cəlb olunmaq istənsələr də, birbaşa iştirak etmədilər. Bu isə İranın diplomatik baxımdan müəyyən üstünlük əldə etdiyini göstərir.

ABŞ-yə gəlincə, Vaşinqtonun ilk növbədə nüfuzuna və mövqelərinə zərbə dəydi. Yaxın Şərqdəki hərbi bazaları, Körfəz ölkələri ilə münasibətləri və təhlükəsizlik arxitekturası baxımından müəyyən suallar yarandı. Beynəlxalq aləmdə də ABŞ-nin mövqelərinə təsir göstərən proseslər baş verdi. Hörmüz boğazı məsələsi bunun ən bariz nümunələrindən biridir. Rəsmi Vaşinqton müəyyən mərhələdə boğazın bağlanmasının ABŞ üçün əhəmiyyət daşımadığını bildirsə də, sonrakı proseslər göstərdi ki, Hörmüz boğazı Amerika Birləşmiş Ştatları üçün strateji əhəmiyyətə malikdir. ABŞ maksimum dərəcədə çalışdı ki, boğazın fəaliyyətinin davamlılığı təmin olunsun. Bu da həmin marşrutun Vaşinqton üçün əhəmiyyətini bir daha ortaya qoydu. Nəzərə almaq lazımdır ki, ABŞ həm Körfəzdəki müttəfiqlərinin enerji ixracı ilə bağlı maraqlarını tam təmin edə bilmədi, həm də Yaponiya, Cənubi Koreya, Tayvan və Avropa ölkələri kimi enerji idxalçısı olan tərəfdaşlarının təhlükəsizlik və enerji təminatı ilə bağlı narahatlıqlarını tam aradan qaldıra bilmədi. Bu isə müəyyən narazılıqların yaranmasına səbəb oldu. Danışıqlar prosesinin yekun nəticələri hələ qarşıdadır. Ona görə də son qiymətləndirməni məhz həmin nəticələr məlum olduqdan sonra vermək daha düzgün olar. Hazırkı mərhələdə isə vəziyyət təxminən bu şəkildə görünür”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən