“İsrail faktoru bu memorandumu iflasa uğrada bilər” - ABŞ-nin keçmiş səfiri

 23:07 18.06.2026     452

"ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən dünən elektron qaydada imzalanmış memorandum sülh sazişinin özünü deyil, sülh sazişi üçün çərçivəni təmin edir. Bu, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın illər boyu üzərində işlədiyi və xatırlayacağınız kimi, ilkin olaraq 2007-ci ilin noyabrında Madriddə razılaşdırılmış "baza prinsipləri" kimi tanınan layihəyə bənzəyir. Yaxud, ən azından, 2007-ci ilin noyabrında həmsədrlər tərəfindən təqdim edilmiş və daha sonra 2009-cu ilin yanvarında Sürixdə Prezident İlham Əliyev və o vaxtkı Ermənistan Prezidenti Serj Sarkisyan tərəfindən ilkin olaraq razılaşdırılmış prinsiplərə oxşayır".

Bu fikirləri ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Redaktor.az-a ABŞ ilə İran arasında memorandumun imzalanmasından danışarkən səsləndirdi.

Onun sözlərinə görə, bu memorandum sadəcə olaraq sülh sazişinin baza prinsiplərinin nədən ibarət olacağının tərifidir:

"Bildiyimiz kimi, prinsiplər səviyyəsində olsa da və imzalanmasa da, 2007-ci ilə aid həmin baza prinsipləri 2020-ci ilin yayının sonlarında İkinci Qarabağ müharibəsində silahlı münaqişənin yenidən başlamasının qarşısını ala bilmədi. Daha sonra həmin müharibənin hərbi nəticələrini yekunlaşdırmaq üçün Azərbaycan 2023-cü ilin sentyabrında Xankəndidəki erməni tətərəfinin "Arsax" adlandırdığı separatçı erməni rejimini ləğv etmək və Azərbaycan ərazisində qeyri-qanuni mövcud olan erməni qoşunlarını çıxarmaq məqsədilə yenidən hərbi müdaxilə etdi. Beləliklə, baza prinsipləri niyyət bəyanatlarıdır. Bu halda memorandumda əks olunan baza prinsipləri daha mürəkkəb və texniki məsələlər, xüsusilə İranın uranın zənginləşdirilməsi proqramı və nüvə proqramı ilə bağlı daha əhəmiyyətli 60 günlük danışıqlar üçün zəmin yaradır".

Diplomat qeyd etdi ki, Trampın bu müharibədə bir çox məqsədi var idi:

"Onun daim vurğuladığı əsas məqsəd İranın nüvə silahı proqramına malik olmamasını və ya bizim nöqteyi-nəzərimizdən heç vaxt nüvə silahı proqramına sahib olmamasını təmin etmək idi. Beləliklə, memorandum yalnız İranın nüvə silahı hazırlamamaq barədə uzunmüddətli vədini təkrarlayır. Halbuki Prezident Tramp müharibəyə başlayarkən buna inanmadığını bildirmişdi. Bu, 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) müzakirə edən Prezident Barak Obama və digər tərəflərin, o cümlədən Avropa İttifaqının İrandan aldığı eyni vəddir. Çin və Rusiya da həmin prosesə cəlb olunmuşdu. Belə görünür ki, Tramp bu müharibəni bitirmək və ABŞ-ni münaqişədən çıxarmaq qərarına gəlib. Hazırda o, detallar üzərində israr etmir. Görünür, memorandum Prezident Trampın ABŞ və İsrailin İrana hücumları üçün göstərdiyi digər məqsədlərə – İranın ballistik raket proqramının ləğvinə və İranın Yaxın Şərqdəki proksi qüvvələrinə, yəni Qəzzada HƏMAS-a, Livanda Hizbullaha və Yəməndə husilərə verdiyi dəstəyin dayandırılmasına ümumiyyətlə toxunmur. Bundan əlavə, memorandum Livandakı müharibənin dayandırılmasına çağırır. Halbuki bu müharibə İsrail tərəfindən aparılır və İsrail həmin döyüşləri dayandırmaq istəmir. Beləliklə, ABŞ-İsrail münasibətlərində yaxınlaşan bir böhran görünür və Prezident Tramp son günlərdə İsrailin Baş naziri Netanyahunu və İsraili Livandakı əməliyyatları davam etdirdiyinə görə görünməmiş dərəcədə tənqid edib. Ona görə də mümkündür ki, ABŞ və İran arasındakı memorandumda müəyyən edilmiş baza prinsipləri irəli gedə bilməsin. Çünki İsrail Livana hücumlarını dayandırmaqdan imtina edə bilər".

Müsahibimiz qeyd etdi ki, hazırda bu memorandumun İran və ABŞ arasındakı müharibəyə real son qoyub-qoymayacağı bəlli deyil:

"Çünki hələ bir çox texniki məsələlər müzakirə edilməlidir. Amerika Birləşmiş Ştatları bəyan edib ki, əgər İran bu 60 günlük müddət ərzində texniki və nüvə məsələləri üzrə danışıqları xoş niyyətlə davam etdirərsə, İrana qarşı sanksiyaların yumşaldılması, İran aktivlərinin dondurulmasının aradan qaldırılması və hətta investisiya fondunun yaradılması nəzərdən keçirilə bilər.

Bunun baş verəcəyini isə heç kim dəqiq bilmir. Tramp dünən administrasiya üzvlərinin “bəli, olacaq” açıqlamalarına baxmayaraq, 300 milyard dollarlıq investisiya fondunun yaradılmayacağını da bildirdi. Beləliklə, hazırda çox şey qeyri-müəyyəndir. Müsbət məqam ondan ibarətdir ki, həm İran rəhbərliyinin, həm də Prezident Trampın döyüşlərin yenidən başlamasını istəmədiyi aydındır. Lakin qarşıdakı həftələrdə bu memorandumu iflasa uğrada biləcək və daha intensiv 60 günlük sülh danışıqlarının davamına mane olacaq bir çox hadisələr baş verə bilər. Mən hər kəsə ABŞ-İsrail münasibətlərini və Tampın Baş nazir Netanyahuya nə dərəcədə təzyiq göstərəcəyini diqqətlə izləməyi tövsiyə edərdim".

Onun fikrincə, İsrailin Baş naziri Benyamin Netanyahu anlayır ki, əgər bu memorandum İranın nüvə proqramı ilə bağlı danışıqlara gətirib çıxarsa, lakin bir tərəfdən onun müharibə boyu arzuladığı rejim dəyişikliyi baş verməsə, digər tərəfdən isə İranın ballistik raketlərinə və ya Hizbullah kimi proksilərinə verdiyi dəstəyə heç bir məhdudiyyət qoyulmasa, bu, bir neçə həftədən sonra seçkilərlə üzləşəcək Netanyahu üçün siyasi intihar ola bilər:

"Sonda qeyd edim ki, Prezident Tramp son 24 saat ərzində çox qeyri-adi açıqlamalar verib. O, indi də bildirməyə davam edir ki, İrandakı yeni hökumət mülayim və ağlabatandır, ABŞ-nin əməkdaşlıq edə biləcəyi bir hökumətdir. Halbuki bu, vaxtilə onun hücum etdiyi və ləğv edilməli olduğunu söylədiyi eyni rejimdir. Prezident Tramp həmçinin bildirib ki, bəlkə də İranın ballistik raketlərə sahib olması normaldır, çünki Körfəz ölkələrinin, məsələn, Səudiyyə Ərəbistanının da raketləri var. Beləliklə, Prezident Tramp bir mövqedən digərinə keçir, əvvəlki fikirlərini təkzib edir və onlarla ziddiyyət təşkil edən açıqlamalar verir. Hazırda növbəti mərhələdə nələrin baş verəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil".

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən