Ukraynanın etdikləri Putini sülhə yaxınlaşdıra bilər - ŞƏRH

 19:23 19.06.2026     617

“Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla görüşündən sonra Ukraynanın təşəbbüsü ələ aldığını demək mümkün deyil. Əksinə, Rusiya Donetsk vilayətində müəyyən irəliləyişlərə nail olub və artıq Slavyansk istiqamətində yaxınlaşma müşahidə edilir. Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələr, təbii ki, mühüm hadisələrdir. Lakin bu, müharibənin taleyinə həlledici təsir göstərmir”.

Bu barədə Redaktor.az-a politoloq Abutalıb Səmədov bildirdi.

Abutalıb Səmədov partiyasının ləğvindən danışdı: 'Ya birləşib iri  partiyalara çevrilmək, ya da siyasi arenadan çəkilmək lazımdır'

Onun sözlərinə görə, bu zərbələr daha çox Rusiya əhalisini müəyyən reallıqlarla üz-üzə qoyur və onlarda Ukrayna xalqına qarşı görülən addımlar barədə düşüncə formalaşdırır:

“Eyni zamanda, bu proses Putini sülhə bir qədər də meylləndirə bilər. Lakin ümumilikdə cəbhədə təşəbbüsün Ukraynanın əlinə keçdiyini söyləmək, təəssüf ki, mümkün deyil. Digər tərəfdən, Rusiya ərazisinə endirilən zərbələrin təhlükəli tərəfi də var: bu cür hücumlar Rusiya rəhbərliyini daha sərt və daha aqressiv hərbi addımlar atmağa sövq edə bilər. Bu da nəzərə alınmalı vacib məqamdır. Bu zərbələrin Rusiyanı tam şəkildə dalana dirəyəcəyini demək çətindir. Lakin bunlar sülhə meyllənmə, güzəştə getmə və müəyyən kompromislərin yaranması ehtimalını artıra bilər. Hesab etmək olar ki, artıq sülh danışıqları üçün müəyyən münbit şərait formalaşır və növbəti həftələrdə Trampın nümayəndələrinin Moskvaya səfəri gözlənilir. Bu danışıqlar isə daha fərqli bir şəraitdə aparıla bilər. Çünki Rusiya son günlər ciddi zərbələr alıb və bu, həm əhali, həm də rəhbərlik üçün müəyyən “ayıdıcı” təsir yarada bilər. Bu amil də tərəfləri sülhə daha da yaxınlaşdıra bilər. Bununla belə, qeyd etmək lazımdır ki, Rusiya bütün hallarda Donbasdan imtina etməyəcək və bu məsələni əsas tələb kimi gündəmdə saxlayacaq. Lakin digər ərazilərlə bağlı, xüsusilə Zaporojye və Xerson istiqamətində daha çox güzəştə getməyə meylli ola bilər”, - deyə siyasətçi yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən