ABŞ-İran danışıqları niyə ləğv olundu? - Əli Mustafadan AÇIQLAMA
Xarici medianın məlumatına görə, İranın İsrailin Livanda atəşkəsi pozması ilə bağlı iddiaları Tehran və Vaşinqton arasında bu gün İsveçrədə keçirilməsi planlaşdırılan danışıqların ləğvinin səbəbi ola bilər.
Bəs danışıqlar niyə ləğv edilib?
Redaktor.az-a danışan politoloq Əli Mustafa bildirdi ki, danışıqların ləğv olunmasının səbəbi İsrail-Livan məsələsi deyil:
"Məsələ ondadır ki, İsveçrədəki bu görüşə artıq ehtiyac qalmayıb. Çünki ayın 17-də ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian qarşılıqlı anlaşma memorandumunu imzalayıblar. Düzdür, elektron formada bu imzalanma həyata keçirilib. Hətta Pakistan Baş naziri Şahbaz Şərifin də razılığı var. Ona görə də İsveçrədə görüşə ehtiyac yoxdur. ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin səfəri də ona görə təxirə düşüb. Amma bu sazişin imzalanması, əlbəttə, danışıqların dayanmasına deyil, başlanmasına bir vəsilədir. Yəni razılıq belədir ki, 2 ay ərzində danışıqlar aparılacaq. Yekun sülh sazişi imzalanana qədər tərəflər arasında bir çox məsələlər müzakirə olunacaq. Hazırda yaranmış vəziyyətin əsas səbəbi odur ki, öncədən nəzərdə tutulduğu kimi ayın 19-da İsveçrədə deyil, ayın 17-də elektron formada memorandum imzalanıb".
Aytəkin TOFİQQIZI













