Moskvaya hücumdan sonra nə baş verəcək? - Gözlənilməz ssenari

 19:30 19.06.2026     287

Bildiyimiz kimi, son günlərdə Ukrayna Rusiya üzərində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Hətta Ukrayna ordusunun Moskvaya da hücum etdiyi bildirilir.

Politoloq Asif Nərimanlı Redaktor.az-a açıqlamasında bildirdi ki, Ukraynanın Rusiya qarşısında müəyyən üstünlük qazanmasının iki əsas səbəbini qeyd etmək olar:

“Birincisi, hərbi meydanda, yəni döyüş sahəsində Ukraynanın təcrübəsinin artması və istifadə etdiyi taktikanın təkmilləşməsidir. Çünki Ukrayna artıq Rusiya ilə döyüş təcrübəsinə malikdir və müqavimətini davam etdirir. Xüsusilə dronlardan və PUA-lardan istifadə etməklə müharibənin bir çox sahələrində müəyyən üstünlüklər əldə edir. Yəni əvvəlki illərlə müqayisədə Ukraynanın Rusiya ilə müharibə aparmaq qabiliyyəti artıb və hətta bəzi hallarda üstünlük qazandığı da qeyd oluna bilər. Bu isə əsasən Rusiyanın müəyyən dərəcədə zəifləməsi və Ukraynanın döyüş qabiliyyətinin artması ilə izah oluna bilər. Birinci əsas məsələ budur.

İkinci əsas məsələ isə Avropanın Ukrayna məsələsində sona qədər rəsmi Kiyevi dəstəkləməsidir. Yəni məlumdur ki, Tramp administrasiyası daha əvvəl Ukraynanın təslim olmasını nəzərdə tutan yanaşmalar və həll planları irəli sürürdü. Lakin Avropa bu məsələdə geri çəkilmədi və Ukraynaya dəstəyini davam etdirdi. Bu dəstək hazırda da davam edir. Hesab etmək olar ki, Ukraynanın Rusiya qarşısında müqavimət göstərməsi və müəyyən üstünlüklər əldə etməsi böyük ölçüdə bu Avropa dəstəyindən asılıdır. Bununla yanaşı, ABŞ-nin Ukrayna məsələsində rəsmi Kiyevin mövqeyinə daha yaxın mövqe sərgiləməsi də Ukraynanın əlini gücləndirən amillərdəndir. Lakin bu mövqenin davamlı olub-olmaması sual altındadır. Çünki Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-nin Ukrayna siyasətində dəyişkənlik müşahidə olunub”.

Siyasi şərhçi qeyd etdi ki, ABŞ-nin əsas məqsədi Ukrayna müharibəsini tez bir zamanda yekunlaşdırmaq və geosiyasi maraqlarını həyata keçirməkdir:

“Bu kontekstdə ABŞ-nin Rusiya ilə müəyyən geosiyasi anlaşma və təsir dairələrinin bölüşdürülməsi istiqamətində hərəkət etdiyi barədə fikirlər də mövcuddur. Lakin bunun reallaşması üçün Ukrayna müharibəsinin bitməsi və məsələ üzrə razılaşmanın əldə olunması vacibdir. Buna görə də Tramp administrasiyası əvvəlki mərhələdə Ukraynanın maraqlarına daha az uyğun görünən həll variantlarını gündəmə gətirirdi. Lakin indiyədək bu yanaşma tam nəticə verməyib. Hazırkı mərhələdə isə Ukraynaya və Avropaya daha yaxın mövqe sərgilənərək Rusiyaya təzyiq göstərilməsi və onu danışıqlar masasına qaytarmaq məqsədi güdülür. Eyni zamanda, İranla bağlı məsələnin müəyyən razılaşma mərhələsinə yaxınlaşması da diqqətin yenidən Ukrayna istiqamətinə yönəlməsinə səbəb ola bilər”.

Müsahibimizin fikrincə, burada ən önəmli məqamlardan biri Trampın əvvəl irəli sürdüyü həll planıdır:

“Həmin planda əsas ziddiyyətli məsələ Donbasda Ukrayna ordusunun mövcudluğu ilə bağlıdır. Rusiya işğal etdiyi ərazilərlə yanaşı, Donbasdan da Ukrayna ordusunun tam çıxarılmasını tələb edir. Ukrayna isə bu şərtlə razılaşmır. Tramp isə tərəfləri bu plan ətrafında razılığa gətirməyə çalışır. Hazırda Ukrayna və Avropanın geri çəkilməməsi səbəbindən Rusiyaya təzyiq vasitələri daha çox istifadə olunur. Lakin bu yanaşmanın uzunmüddətli davam edib-etməyəcəyi sual altındadır. Çünki prosesin gedişində ABŞ administrasiyasının mövqeyini dəyişməsi və Ukraynaya təzyiq göstərməsi ehtimalı da mövcuddur. Ümumilikdə, bu prosesin yekun nəticəsində Rusiyanın tam şəkildə Ukraynanın istədiyi şərtlərlə razılaşacağı ehtimalı aşağıdır. Rusiya müharibəni davam etdirdiyi müddətdə öz tələblərindən maksimal dərəcədə geri çəkilməməyə çalışacaq. Digər tərəfdən, Ukrayna da öz maraqlarını qorumağa çalışacaq. Belə bir şəraitdə ortaq məxrəcə gəlmək üçün hər iki tərəfin müəyyən güzəştlərə getməsi lazım ola bilər. Əslində Trampın əvvəlki planında da bu yanaşma nəzərdə tutulurdu. Bunun fonunda danışıqların yenidən başlaması və ya müzakirələrin intensivləşməsi ilə paralel olaraq, müharibə meydanında da aktiv döyüşlərin davam etməsi ehtimalı yüksəkdir. Düşünmək olar ki, nə Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələr Rusiyanı geri çəkilməyə məcbur edəcək, nə də Rusiyanın zərbələri Ukraynanı tam geri çəkilməyə vadar edəcək. Müharibə təcrübəsi göstərir ki, hər iki tərəf müəyyən mərhələlərdə geri çəkilsə də, yenidən qüvvələrini bərpa edərək döyüşləri davam etdirir. Əgər siyasi müstəvidə ortaq razılaşma əldə olunmasa, yaxın perspektivdə tərəflərdən birinin tam məğlubiyyətindən danışmaq çətin görünür”, - deyə A.Nərimanlı yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən