Ukrayna Rusiyanı küncə sıxışdırır - Kreml üçün təhlükə böyüyür
"Son günlər Ukrayna-Rusiya qarşıdurmasında səngimənin deyil, gərginliyin artmasının şahidi oluruq. Bu da ondan irəli gəlir ki, Ukrayna tərəfi cavab zərbələri zamanı genişmiqyaslı vasitələrdən istifadə etməyə çalışır. Məsələn, Moskvaya yalnız bir hücum zamanı 150-yə yaxın uçuş aparatı, kamikadze dron və digər vasitələrdən istifadə olunub. Bu da təsadüfi deyil. Ukrayna artıq gizlətmir ki, bu prosesi sistemli şəkildə həyata keçirmək niyyətindədir. Məqsəd isə ondan ibarətdir ki, Rusiyada yaşayan insanların həyatı müharibənin təsiri ilə daha da gərginləşsin və onun acı nəticələrini hiss etsinlər".
Bu fikirləri Redaktor.az-a son günlər yenidən şiddətlənən Rusiya-Ukrayna müharibəsindən danışan politoloq Tofiq Abbasov səsləndirdi. Onun sözlərinə görə, bu baxımdan Rusiya tərəfi hələlik adekvat cavab verə bilmir:
"Düzdür, vaxtaşırı "Oreşnik", "Kinjal" və digər irimiqyaslı raket sistemlərindən istifadə olunur. Onların da böyük dağıdıcı gücü var. Amma Ukraynanın cavab zərbələri zamanı görürük ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri müəyyən çətinliklərlə üzləşir. Çünki artıq bir çox yaşayış evləri, strateji əhəmiyyət daşıyan obyektlər və digər məntəqələr birbaşa hədəfə çevrilir.
Düşünürəm ki, burada Avropanın Ukraynaya çox böyük dəstəyi var. Onlar da gizlətmirlər ki, ilk növbədə Rusiyanı müəyyən mənada küncə sıxışdırmaq istəyirlər. Hələlik taktiki baxımdan təşəbbüsü Ukrayna ələ ala bilir. Amma strateji baxımdan bunu demək hələ mümkün deyil. Çünki faktiki olaraq ABŞ Ukraynaya yardım göstərməkdən imtina edir. Avropa isə əksinə, bu mövqedə israrlıdır.
Xüsusilə də Britaniyanın qətiyyəti diqqət çəkir. Baxmayaraq ki, hazırda Baş nazir Kir Starmer kifayət qədər mürəkkəb vəziyyətdədir, hətta Britaniya mətbuatı onun artıq 'axsaq ördəyə' çevrildiyini yazır. Buna baxmayaraq, Dauninq-stritdə, yəni Britaniya baş nazirinin iqamətgahında çalışan heyət Ukraynaya birmənalı dəstək vermək niyyətində olduğunu bəyan edib və bu mövqedən geri çəkilmir".

Siyasi şərhçinin fikrincə, burada əsas məqsəd ilk növbədə Rusiyanı müəyyən qədər zəiflətməkdir:
"Əgər danışıqlara başlanılacaqsa, Rusiya üstün mövqedən çıxış etməsin. Əksinə, bəlli olsun ki, Ukrayna təşəbbüsü ələ alıb və üstünlüyünü əldən vermək niyyətində deyil. Belə olduğu halda, əgər Rusiya həqiqətən də danışıqlar istəyirsə, Ukraynanın irəli sürdüyü şərtlərlə razılaşmalıdır.
Ukraynanın əsas tələbi isə ərazilərin qaytarılmasıdır. Mənim üçün bu, inandırıcı görünmür. Çünki müharibə şəraitində həmişə qan tökülür, itkilər verilir. Bu baxımdan Rusiya deyəcək ki, nəzarətə götürdüyü mövqeləri qoruyub saxlayır. Əgər atəşkəs elan olunarsa, tərəflər həmin mövqelərdə qalmalıdır. Nəhayət, Donbasdan da Ukrayna qüvvələri çıxmalıdır.
Hazırda gündəmdə danışıqlarla bağlı konkret məsələ yoxdur. Amma bunun üçün zəmin hazırlanır. Dediyim kimi, Ukrayna çalışacaq ki, əgər bu danışıqlar baş tutarsa, üstünlüyü ələ keçirsin, öz mövqeyini ortaya qoysun və həmin mövqe Rusiya tərəfindən nəzərə alınsın".
NURİYYƏ













