İlham Əliyevdən Türkmənistan liderinə hədiyyə: "Dostlug" tankeri niyə verildi?

 14:33 22.06.2026     563

Bu gün Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana rəsmi səfərə gəlib. Səfər zaman Türkmənistan liderinin Prezident İlham Əliyevlə təkbətək görüşü keçirilib, hər iki prezident mətbuata bəyanatlarla çıxış ediblər. 

Qeyd edək ki, Berdiməhəmmədovun səfəri zamanı Azərbaycan Türkmənistana "Dostlug" adlı tanker hədiyyə edib.

Qonşu ölkə liderinin Bakıya səfərini dəyərləndirən deputat Hikmət Məmmədov Redaktor.az-a bildirdi ki, hazırkı mərhələdə Azərbaycan-Türkmənistan münasibətləri özünün ən yüksək inkişaf səviyyəsinə çatıb və bundan sonrakı mərhələ üçün çox ciddi təməllər qoyulub:

"Məsələ ondadır ki, Azərbaycan və Türkmənistan Xəzər dənizinin şərq-qərb xətti üzrə iki qonşu ölkədir və ortaq dəyərlərdən, ortaq dildən və ortaq mədəni keçmişdən gəlirlər. Ona görə də bu iki ölkə arasında münasibətlərin inkişafı həm xalqlarımızın sifarişi kimi ortaya çıxır, həm də bugünkü mürəkkəb tarixi şəraitdə ortaq dəyərlərimizin və ortaq maraqlarımızın qorunması baxımından təhlükəsizlik kontekstində aktual əhəmiyyət kəsb edir. Türkmənistan və Azərbaycan arasında əməkdaşlığın çoxsaylı istiqamətləri və perspektivləri var. Bunlardan biri Xəzəryanı ölkələr arasında ümumi əməkdaşlıqdır, digəri Transxəzər marşrutu üzrə Türkmənistan qazının Qərbi Avropaya çıxarılmasıdır, başqa birisi isə Azərbaycanın yaratdığı Orta Dəhliz kommunikasiyalarından qardaş ölkənin istifadə etməsidir və sair. Göründüyü kimi, çox böyük potensiala malik olan bu əməkdaşlığın bu günə qədər yalnız az bir hissəsi reallaşıb. Ona görə də mən düşünürəm ki, əvvəllər Türkmənistan və Azərbaycan arasında mübahisə mövzusu olan, Azərbaycanın "Kəpəz", Türkmənistanın isə "Sərdar" adlandırdığı qaz yatağının "Dostluq" adlandırılması, iki ölkənin ortaq mövqeyinin ortaya qoyulması ilə yeni dostluq səhifəsinin başlanması demək idi. Bu gün də Azərbaycan Prezidenti tərəfindən qardaş ölkənin Prezidentinə "Dostlug" tankerinin hədiyyə edilməsi həmin dostluğun daha da möhkəmləndirilməsi kimi qəbul olunmalıdır. Mən düşünürəm ki, bu, qardaşın qardaşa hədiyyəsi kimi qəbul edilməlidir.

Ona görə də şübhəsiz ki, bu gün iqtisadiyyatın inteqrasiya olunması, əməkdaşlığın dərinləşdirilməsi hər iki ölkənin maraqlarına uyğundur və Azərbaycan da məhz bunu edir. Xatırlayırsınızsa, bundan əvvəl qardaş Türkmən xalqının milli lideri Qurbanqulu Berdiməhəmmədova Azərbaycan Prezidenti at bağışlamışdı, Qurbanqulu Berdiməhəmmədov da Azərbaycan Prezidentinə at bağışlamışdı. Bu, əslində milli mentalitetimizdən gələn, ənənələrimizə uyğun olan və dövlətlərarası münasibətlərimizin mənəvi tərəfini təşkil edən bir hadisə idi. Bu gün isə iqtisadi tərəfi ifadə edən tankerin qardaş Türkmənistana hədiyyə edilməsi əslində qısa müddətdə nə qədər böyük məsafənin qət olunduğundan xəbər verir".

Deputat Naqif Həmzəyev də iki ölkə arasındakı münasibətdən saytımıza danışarkən bildirdi ki, Azərbaycan ilə Türkmənistan arasındakı əlaqələr sıravi diplomatik münasibətlərdən çox-çox dərindədir:

"Bu, iki ölkəni bir-birinə bağlayan güclü tarixi, etnik və mədəni teldir. Hər iki xalq türk dünyasının ayrılmaz parçasıdır. Ortaq dil ailəsi, ortaq ənənələr, ortaq tarix. Bunlar ikitərəfli münasibətlər üçün möhkəm təməl yaradır. Sovet İttifaqının dağılmasından sonra hər iki dövlət müstəqilliyini elan etdi və bu tarixi dönüm nöqtəsindən etibarən əlaqələr ardıcıl inkişaf etməyə başladı. Prezident Sərdar Berdiməhəmmədovun Bakıya səfəri və Prezident İlham Əliyevlə keçirilən təkbətək görüş ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun bariz nümunəsidir. Liderlərin şəxsi dialoqu dövlətlərarası əlaqələrin sütununu təşkil edir, ikitərəfli gündəlikdəki məsələlərin bilavasitə müzakirəsini təşkil edir və Xəzər hövzəsində sülh və əməkdaşlıq mühitini formalaşdırır. Azərbaycanın Türkmənistana "Dostlug" adlı tanker bağışlaması sadəcə diplomatik hədiyyə deyil, bu, çox dərin məna daşıyan strateji bir addımdır. Niyə bu qədər əhəmiyyətlidir? "Dostluq" - bu söz hər iki xalqın bir-birinə münasibətini ən dəqiq ifadə edir. Hədiyyəyə verilən bu ad təsadüfi deyil. İkincisi, Xəzər üzərindəki əməkdaşlıq. Hər iki ölkənin Xəzər dənizinə sahil olması nəqliyyat, enerji və ticarət sahəsində birgə imkanları genişləndirir. Tanker bu birgə gələcəyin simvoludur. Üçüncüsü, enerji əməkdaşlığının perspektivləri. Azərbaycan enerji sahəsində regionun aparıcı oyunçusudur. Türkmənistan isə dünyanın ən böyük qaz ehtiyatlarına malik ölkələrdən biridir. Bu iki potensialın birləşdirilməsi hər iki tərəf üçün böyük fürsətlər yaradır.

Azərbaycan-Türkmənistan iqtisadi əlaqələri son illər əhəmiyyətli dərəcədə genişlənib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Xəzər dəniz limanları infrastrukturu və Orta Dəhliz layihəsi bütün bunlar iki ölkə arasında ticarət dövriyyəsini artırmaq üçün güclü platforma yaradır. Azərbaycan Orta Dəhlizdə (Transhəzər Beynəlxalq Nəqliyyat Marşrutu) strateji mövqe tutur. Türkmənistanın bu dəhlizə inteqrasiyası hər iki ölkənin tranzit gəlirlərini artıracaq, Avropa-Asiya yük axınında mühüm rol oynamağa imkan verəcək. "Dostlug" tankerinin hədiyyə edilməsi bu münasibətlərin mahiyyətini bir sözdə cəmləşdirir. Azərbaycan-Türkmənistan əlaqələri siyasi maraqların diktə etdiyi soyuq hesablamalar deyil, bu, qardaş xalqların səmimi yaxınlaşması, ortaq gələcəyə birgə inam deməkdir. Prezidentlər Əliyev və Berdiməhəmmədovun görüşü göstərir ki, hər iki ölkənin rəhbərliyi bu əlaqələrə strateji önəm verir. Önümüzdəki dövrdə iqtisadi əməkdaşlığın, xüsusilə Orta Dəhliz və enerji layihələri kontekstində, yeni zirvələrə çatacağını gözləmək üçün ciddi əsaslar var".

NURİYYƏ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

Vumart və Güvən reklamı Vumart Güvən