"Döyüş meydanlarının yeri və coğrafiyası dəyişə bilər" - AÇIQLAMA
Son günlər Ukrayna-Rusiya müharibəsində gərginlik daha da artıb və tərəflər arasında qarşılıqlı hücumlar intensiv xarakter alıb. Xüsusilə Ukraynanın Rusiya ərazisinin dərinliklərinə yönəlmiş pilotsuz uçuş aparatları və digər vasitələrlə həyata keçirdiyi əməliyyatlar diqqət çəkir. Ukrayna demək olar ki, fasiləsiz şəkildə hücumlarını davam etdirir və təşəbbüsü əldən verməməyə çalışır.
Bəs Ukraynanın son dövrlərdə daha fəal və aqressiv hərəkət etməsinin əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zaur Məmmədov bildirdi ki, Ukrayna son günlər havada ciddi irəliləyişlər əldə edir:

"Əgər Ukrayna müharibədən əvvəl, demək olar ki, hərbi texnikası yox səviyyəsində olan ölkə idisə, bu gün artıq nəinki müdafiə xarakterli silahlar və dronlar, eyni zamanda hücum xarakterli raketlər də istehsal edir. Bu isə onu göstərir ki, Ukrayna artıq hərbi-texniki inkişaf baxımından dünyanın ən qabaqcıl ölkələri sırasında yer almaqdadır, xüsusilə də Avropada. Təsadüfi deyil ki, Avropada bəzi qüvvələr Ukraynanın bu gücü fonunda kifayət qədər ciddi şəkildə düşünməyə başlayıblar. Hər halda, bu hücumlar tərəfləri, xüsusilə də Rusiyanı danışıqlar masasına oturmağa sövq edə bilər. Artıq müəyyən müddətdir ki, Ukrayna ilə Rusiya arasında danışıqlar faktiki olaraq getmir, proses tamamilə dayanıb. Ukraynanın müdafiə nazirinin bəyanatları və açıqlamaları da göstərir ki, onlar yaxın altı ay ərzində danışıqlarda irəliləyiş əldə etmək üçün məhz döyüş meydanında üstünlük qazanmağa çalışırlar. Rusiyanın müxtəlif şəhərlərinə intensiv raket zərbələrinin endirilməsi də onu göstərir ki, müharibənin arealı genişlənir və gələcəkdə döyüş meydanlarının yeri və coğrafiyası da dəyişə bilər".
NURİYYƏ













