"Azərbaycan-Türkmənistan əlaqələrinin güclənməsi Avrasiya məkanında mühüm nəticələr doğura bilər"
"Son illərdə Azərbaycan-Türkmənistan əlaqələri sürətlə inkişaf edir. Türkmənistan Prezidentinin Azərbaycana səfəri də bunun bariz nümunəsidir".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə səfərini şərh edərkən dedi.
"Səfər çərçivəsində əsas müzakirə mövzuları energetika, nəqliyyat dəhlizlərinin inkişafı və humanitar sahədə əməkdaşlıq məsələləri olub. Təsadüfi deyil ki, Türkmənistan hökuməti Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərinə töhfə olaraq Qarabağda inşaat layihəsi reallaşdırır. Bu addım iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Digər tərəfdən, Azərbaycan da Türkmənistana neft tankeri hədiyyə edib ki, bu da qarşılıqlı əməkdaşlığın və etimadın göstəricisidir. İki türk dövlətinin əlaqələrinin güclənməsi bütövlükdə Avrasiya məkanında mühüm nəticələr doğura bilər. Bu, həm regional enerji xəritəsinin dəyişməsi, həm yeni nəqliyyat dəhlizlərinin inkişafı, həm də Avropanın enerji təchizatında yeni mənbələrin meydana çıxması baxımından əhəmiyyətlidir. Xüsusilə Türkmənistanın enerji resurslarının beynəlxalq bazarlara çıxışı bu kontekstdə mühüm rol oynaya bilər. Bütün bunları nəzərə aldıqda, Türkmənistan Prezidentinin Azərbaycana səfərini strateji və tarixi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirmək olar", - deyə millət vəkili bildirdi.
Xədicə BAXIŞLI













