"Çalışırıq ki, Şimali Kipr Türk Cümhuriyyətinin təmsilçiliyi də orada gerçəkləşsin" - Fazil Mustafa

 15:01 24.06.2026     514

Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilir.

Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biridir.

Millət vəkilinin sözlərinə görə, illərlə bu təşkilat vasitəsilə Azərbaycan özünün ərazi bütövlüyünün sənədlərdə təsdiq olunması, dəstəklənməsi istiqamətində müəyyən işlər görüb və böyük əlaqələri var:

"İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının Bakıda keçirilməsi də əlamətdar hadisədir. Biz də həmin tədbirlərdə iştirak etdik, seminarlarda iştirak edib çıxışlar etdik. Hesab edirəm ki, İslam Əməkdaşlıq Təşkilatı gələcəklə bağlı bütün istiqamətlərdə Azərbaycan cəmiyyətinin, həm də müsəlmanların çoxluqda olduğu bir cəmiyyət olmasının spesifikasını nəzərə alaraq, bütün sahələrdə koordinasiya rolunu oynayacaq və bütün dövlətlərlə normal münasibətlərin davam etdirilməsini dəstəkləyən siyasət izləyir.

Biz də bu kimi tədbirlərdə çalışırıq ki, Şimali Kipr Türk Cümhuriyyətinin təmsilçiliyi də orada gerçəkləşsin. Təbii ki, İran da bu təşkilatın üzvüdür. Tədbir Bakıda keçirildiyinə görə bütün ölkələrin parlament sədrləri bu tədbirə gəlib qatıla bilirlər və hesab edirəm ki, bu, əməkdaşlıq üçün yaxşı fürsətdir. Bunu da dəyərləndirməliyik".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən