"Qalibafın Bakıya səfəri Azərbaycan-İran münasibətlərinin göstəricisidir" - Deputat
"Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının keçirilməsi mühüm hadisədir. Çünki bu, böyük siyasi əhəmiyyətə malik beynəlxalq platformadır və burada İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri narahat edən, təşkilatın gələcək fəaliyyətinə təsir göstərən məsələlərin müzakirəsi aparılır. Nəzərə alsaq ki, bu sayca 20-ci sessiyadır və əvvəlki sessiyalarda da mühüm bəyanatlar və qərarlar qəbul olunub, tədbirin əhəmiyyəti daha da artır. Bu sessiyanın Bakıda keçirilməsi isə bizim üçün ikiqat əlamətdardır. Çünki uzun müddətdir Bakı beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyətə malik tədbirlərin keçirildiyi məkan kimi özünü təsdiqləyib".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafın Azərbaycana işgüzar səfərindən və Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının keçirilməsindən danışarkən bildirdi.
Onun sözlərinə görə, belə tədbirlərin keçirilməsi həm də müxtəlif təşkilatlar daxilində və dövlətlərarası münasibətlərdə baş verən proseslərin müzakirəsi üçün əlverişli imkan yaradır:
"Bəzi hallarda bu proseslər gərgin xarakter daşısa da, Bakıdakı beynəlxalq platformalarda tərəflər öz baxışlarını və mövqelərini ortaya qoymaq imkanı əldə edirlər. Bu gün İslam dünyasını narahat edən bir sıra məsələlər var və həmin məsələlər müxtəlif dövlətlər və təşkilatlar tərəfindən keçirilən tədbirlərdə gündəmə gətirilir. Hazırkı sessiyada da iştirakçı ölkələrin parlamentariləri öz dövlətlərinin diqqət mərkəzində saxladıqları məsələləri səsləndirirlər. Bu isə fikir mübadiləsinin aparılması, eləcə də mövqelərdəki ortaq və yaxın məqamların müəyyənləşdirilməsi baxımından olduqca vacibdir. Bu nöqteyi-nəzərdən İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın sessiyada iştirak etmək üçün Azərbaycana işgüzar səfərini çox müsbət qiymətləndirirəm. Çünki bu səfər yalnız təşkilata üzv dövlətlərin parlamentləri arasında əməkdaşlığın göstəricisi deyil, eyni zamanda Azərbaycan-İran münasibətlərinin vəziyyətini əks etdirən mühüm amildir".
Millət vəkili qeyd etdi ki, Qalibafın Bakıya səfəri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu göstərən vacib məqamlardan biridir.
"Burada bir tərəfdən təşkilat çərçivəsində münasibətlər formatı mövcuddur, digər tərəfdən isə tədbirin keçirildiyi ölkə ilə təşkilata üzv dövlətlər arasındakı münasibətlər ön plana çıxır. Azərbaycanın praqmatik xarici siyasəti, eləcə də İranla mehriban qonşuluq və dostluq siyasəti öz nəticəsini verməkdədir. Bu gün İranın tədbirdə Məhəmməd Baqir Qalibaf səviyyəsində təmsil olunması da bunun göstəricisidir. Eyni zamanda İranı narahat edən və bütövlükdə bölgədə gərginlik yaradan məsələlərin Qalibaf tərəfindən yüksək tribunadan səsləndirildiyini görürük. Bu mövzular İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üçün də kifayət qədər həssasdır. İran-ABŞ və İran-İsrail münasibətləri müxtəlif formalarda həm ərəb dünyasına, həm də təşkilata üzv ölkələrin münasibətlər sisteminə təsir göstərir. Bəzi hallarda bu proseslər dövlətlərin milli maraqlarının təmin olunmasına təsir edən hadisələrlə müşayiət olunur.
Bu müstəvidə əsas məsələ ondan ibarətdir ki, mövcud gərginliklər daha da dərinləşməməli, əksinə, onların aradan qaldırılmasına xidmət edən addımlar atılmalıdır. Hesab edirəm ki, Parlament İttifaqı Konfransının 20-ci sessiyasında da məhz bu istiqamətdə müzakirələr aparılacaq".
A.Allahverənovun sözlərinə görə, burada İslam həmrəyliyi, eləcə də İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gələcəyinə hesablanmış birgə fəaliyyət, ortaq layihələrin uğurlu davam etdirilməsi və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm siyasətin nümayiş etdirilməsi gözlənilir:
"Bu isə nəticə etibarilə təşkilata üzv dövlətlərin maraqlarına cavab verən yanaşmadır. Məlumdur ki, İran İslam Respublikası İslam Şurası Məclisinin sədri tərəfindən səsləndirilən məsələlər arasında ABŞ ilə yaşanan münaqişə və bundan irəli gələn nəticələr, eləcə də postmünaqişə dövründə İranın mövqeyi xüsusi yer tutur. Bununla yanaşı, bölgədə təhlükəsizlik sisteminin formalaşdırılması və daha effektiv işləməsi üçün region dövlətlərinin birgə səy göstərməsinin vacibliyi də vurğulanır. Bu məsələlər xüsusilə Hörmüz boğazı ətrafında yaranan gərginlikdən və digər proseslərdən mənfi təsirlənən dövlətləri ciddi şəkildə narahat edir. Həmin ölkələrin də bu məsələlərlə bağlı öz yanaşmaları mövcuddur".
Xədicə BAXIŞLI













