"Rusiya-Ukrayna müharibəsi siyasi eqo savaşına çevrilib" - Deputat
"Dörd ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi bütün müharibə və humanitar hüquq normalarının pozulduğu faciəvi bir mərhələyə qədəm qoyub. Hazırda bu qarşıdurma strateji məqsədlər uğrunda aparılan müharibədən daha çox siyasi eqo müharibəsini xatırladır".
Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Rusiya-Ukrayna müharibəsindən danışarkən bildirdi.
Onun sözlərinə görə, bunun əsas səbəbi Ukraynaya qarşı təcavüz və onun ərazi bütövlüyünün pozulmasıdır:

"Mənə elə gəlir ki, sülhə gedən yol beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə hörmətdən keçir. Bu reallıq Rusiya tərəfindən nə qədər tez qəbul olunarsa, sülhə nail olmaq da bir o qədər tez mümkün olar. Əks təqdirdə, Rusiya nəzərə almalıdır ki, heç bir resurs sonsuz deyil. Onun iqtisadi imkanları, karbohidrogen ehtiyatları və insan resursları da zamanla tükənə bilər. Belə olan halda, Azərbaycan xalqının atalar sözündə deyildiyi kimi, “zərərin yarısından qayıtmaq da xeyirdir”. Hər iki ölkənin gələcəyi, eləcə də onların genofondunun qorunması baxımından ortaq məxrəcə gəlmək zəruridir. Buna görə də hesab edirəm ki, beynəlxalq hüquq və ərazi bütövlüyü prinsipləri çərçivəsində müəyyən güzəştlər kontekstində qarşılıqlı məqbul razılığın əldə olunmasının vaxtı artıq çatıb, hətta keçib. Əgər Rusiya bu reallıqları düzgün qiymətləndirərsə, danışıqlar masasına qayıtması mümkündür. Hələlik isə mövcud siyasi ambisiyalar və sərgilənən siyasi mövqe belə bir perspektivdən kifayət qədər uzaq görünür".
Xədicə BAXIŞLI













