"İran və ABŞ arasındakı anlaşma memorandumu hələ də kövrəkdir" - Politoloq
Bildiyimiz kimi, İran və ABŞ arasında memorandumun imzalanmasına baxmayaraq, tərəflər arasında gərginlik səngiməyib. Əksinə, hər iki ölkə qarşılıqlı hərbi addımlarını davam etdirir. Son günlər Hörmüz boğazında İran qüvvələri ilə ABŞ hərbçiləri arasında baş verən qarşıdurmalar fonunda Tehran Vaşinqtonla dünən keçirilməsi planlaşdırılan texniki danışıqları da ləğv edib. Bu isə tərəflər arasında əldə olunan razılaşmaların praktikada tam nəticə vermədiyini və münasibətlərdə gərginliyin davam etdiyini göstərir.
Mövzu ilə bağlı politoloq Əli Mustafa Redaktor.az-a bildirdi ki, atəşkəslə bağlı razılıq əldə olunmasına baxmayaraq, İran və ABŞ arasında atəşkəs tez-tez pozulur:
"İran tərəfinin atdığı addımlara Amerika cavab verir, bəzən isə Amerikanın addımlarına İran qarşılıq verir. Konkret olaraq son günlər Amerika İranın hava hücumundan müdafiə sistemlərini vurub, müəyyən ərazilərini bombalayıb, İran da buna cavab olaraq Amerikanın bazalarına zərbələr endirib. Amma bildiyim qədər artıq razılığa gəliblər ki, sabah görüşüb bu atəşkəs məsələsini daha ciddi müzakirə etsinlər. Konkret olaraq burada atəşkəsi hansı tərəfin pozduğunu demək çox çətindir. Çünki hər addımdan sonra qarşı tərəfin də dərhal cavab verdiyini görürük. Gerçəklik ondan ibarətdir ki, bəli, bu razılaşma hələ də kövrəkdir. Düzdür, bəzən bu vəziyyəti Livanla da əlaqələndirirlər. Həmin cəbhədə də atəşkəs pozuntuları baş verir. Amma bütün hallarda burada hadisələr birbaşa İran və Amerika arasında cərəyan edir. Hörmüz boğazından keçən gəmilərin İranın nəzarəti olmadan hərəkət etməsi ilə bağlı İranın atdığı addımlara qarşı da Amerika cavab tədbirləri görür".
Müsahibimiz hesab edir ki, tərəflər yenidən danışıqlar masası arxasına əyləşəcək və bu məsələni həll etməyə çalışacaqlar:
"Düzdür, texniki məsləhətləşmələr davam edir. Bildiyim qədər, bu proses qarşıdakı iki ay ərzində də davam edəcək. Ümumiyyətlə, İran tərəfi bəyan edib ki, əgər atəşkəs pozularsa, danışıqlar dayana və razılaşma ilə bağlı vəziyyət dəyişə bilər. Yəqin ki, tərəflər bunu nəzərə alacaqlar. Hər halda, düşünürəm ki, burada bir növ güc nümayişi də var. Amma eyni zamanda görünür ki, bir sıra məsələlər üzrə hələ ciddi razılaşmalar əldə olunmayıb, yəni müəyyən anlaşılmazlıqlar qalır. Bəzən atəşkəsin pozulması da məhz bu anlaşılmazlıqlardan irəli gəlir. Ümid edək ki, atəşkəs rejiminə nəzarət olunacaq və tərəflər bu münaqişəni danışıqlar və diplomatik yollarla başa çatdıraraq sülh razılaşmasına nail olacaqlar".
NURİYYƏ













