Prezidentin müraciətinin pərdəarxası: Türk dünyası üçün yeni mərhələ
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb.
Dövlət başçısının müraciətindən və tədbirin əhəmiyyətindən Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, bu təşəbbüs əslində, 100 il əvvəl əcdadlarımız tərəfindən irəli sürülmüş, lakin yarımçıq qalmış ideyaların yenidən həyata keçirilməsi və tamamlanması məqsədi daşıyır:
"Təşəbbüskar ölkə Azərbaycandır. Azərbaycan Prezidenti hələ Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Qəbələdə keçirilən 12-ci Zirvə görüşündə bu təşəbbüslə çıxış etmişdi. Bu, tarixi yaddaşımızın, dil yaddaşımızın bərpası, Türk Dövlətləri Təşkilatının ideya əsaslarının möhkəmləndirilməsi baxımından olduqca mühüm tədbirdir.
Azərbaycan Prezidenti çıxışlarının birində qeyd edib ki, bizim ailəmiz Türk dünyasıdır, çünki başqa ailəmiz yoxdur. Mənə elə gəlir ki, bu siyasi çağırış müasir dövrdə, tarixin hazırkı mürəkkəb mərhələsində Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrin qarşısında duran əsas vəzifələrdən biridir. Yəni biz ya bu mürəkkəb siyasi proseslər fonunda milli və dini identiklik, ortaq dil əsasında öz gələcəyimizi quraraq güclü olmalıyıq, ya da yenə zəif olaraq qalmalıyıq."

Millət vəkilinin fikrincə, bu günlərdə Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi təkcə humanitar və ya elmi hadisə deyil, həm də ortaq gələcəyimizə hesablanmış mühüm, tarixi və strateji əhəmiyyət daşıyan hadisədir.
"Nəticə etibarilə, Azərbaycanın mühüm strateji bölgələrindən biri olan Naxçıvanda 2009-cu ildə əsası qoyulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu gün vahid Türk Dövlətləri Təşkilatına çevrilib. Bu istiqamətdə dil coğrafiyamızın və mədəni coğrafiyamızın real iqtisadi, eləcə də hərbi-siyasi coğrafiyaya çevrilməsi üçün olduqca böyük işlər görülüb. Mən düşünürəm ki, bunun ən mühüm komponentlərindən biri də məhz ortaq dil, ortaq kimlik və türkologiya məsələsidir. Ona görə də bu tədbir yüksək qiymətləndirilməlidir", – deyə H.Babaoğlu bildirdi.
Aytəkin TOFİQQIZI













