Rusiyadan AZAL təyyarəsi ilə bağlı yeni AÇIQLAMA
Moskva və Bakı AZAL-a məxsus sərnişin təyyarəsinin 2024-cü ilin dekabrında Aktau yaxınlığında qəzaya uğramasından sonra yaranan bütün məsələləri həll edib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, qəzanın nəticələri ilə bağlı bütün məsələlər tənzimlənib. “Biz Azərbaycan sərnişin təyyarəsinin qəzaya uğramasının nəticələri ilə bağlı bütün məsələləri həll etmişik. Lakin söhbət ağır faciə yaşamış, yaxınlarını itirmiş insanlardan gedir. Buna görə də təfərrüatlara varmaq istəmirəm”, - deyə Qaluzin qeyd edib.
Xatırladaq ki, qəza 2024-cü il dekabrın 25-də baş verib. Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakıdan Qroznıya uçuş həyata keçirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub.
Məlumata görə, təyyarənin Rusiya Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulduqdan sonra istiqamətini itirdiyi və daha sonra Aktau yaxınlığında yerə çırpıldığı bildirilir.
Qeyd edək ki, 2026-cı ilin aprelində Rusiya və Azərbaycan Xarici İşlər nazirlikləri birgə bəyanat yayaraq qəza ilə bağlı bütün məsələlərin nizamlandığını və kompensasiya ödənişləri də daxil olmaqla razılaşmaların əldə olunduğunu açıqlamışdı.













