"Türk dünyasının önündə Azərbaycan dayanır" - Tarixi tədbirdən diqqətçəkən mesajlar

 19:55 29.06.2026     462

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" keçirilir. Türk dünyasının elm, mədəniyyət və ictimai-siyasi həyatını təmsil edən çoxsaylı qonaqların qatıldığı tədbirin əhəmiyyətini dəyərləndirən Milli Məclisin deputatları Azər Allahverənov və Tahir Rzayev bunun türk dövlətləri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyini bildirdilər.

Qurultayda iştirak edən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının baş katibi, millət vəkili Azər Allahverənov Redaktor.az-a bildirdi ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin Bakıda keçirilməsi yubiley xarakteri daşıyan tədbir olmaqla yanaşı, həm də yeni dövrün çağırışlarına adekvat olaraq türk dünyasının çoxşaxəli inteqrasiyasına xidmət edən mühüm tarixi hadisədir:

"Tədbirin məhz Bakıda təşkil olunması böyük rəmzi məna daşıyır. Çünki 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq dil, əlifba, tarix və mədəniyyət məsələlərinin elmi əsaslarla müzakirə edildiyi, eyni zamanda gələcəkdə türk dünyasının inteqrasiyasının daha dayanıqlı təməllər üzərində qurulmasına hesablanmış ilk beynəlxalq tədbir olmuşdur. Bu ənənənin 100 il sonra yenidən Bakıda davam etdirilməsi Azərbaycanın türk dünyasının intellektual mərkəzlərindən biri kimi rolunu bir daha təsdiqləyir. Xüsusilə qeyd edilməlidir ki, bu tədbir eyni zamanda ortaq türk kimliyinin, türk identikliyinin yeni çalarlarla zənginləşdirilərək daha da möhkəmləndirilməsi, türkologiya sahəsində yeni istiqamətlərin dərindən öyrənilməsi, bu məqsədlə yeni elmi əməkdaşlıqların qurulması, gənc tədqiqatçıların bir araya gətirilməsi və ortaq mədəni irsin beynəlxalq səviyyədə təbliği baxımından xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan əminliklə demək olar ki, həftə çərçivəsində keçirilən rəsmi və qeyri-rəsmi tədbirlər, o cümlədən konfranslar, panel müzakirələri, sərgilər və mədəni proqramlar türk dövlətləri və icmaları arasında humanitar əlaqələrin daha da güclənməsinə, inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək".

Azər Allahverənov: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit  formalaşdırılır | Faktor.az

Müsahibimiz qeyd etdi ki, bu tədbir Azərbaycanın son illərdə türk dünyasında artan rolunun və çoxtərəfli əməkdaşlığa verdiyi töhfənin növbəti təzahürüdür:

"Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Akademiyası və digər qurumların iştirakı ilə keçirilən tədbirlər ortaq layihələrin genişlənməsi üçün yeni imkanlar yaradır. Sadaladığım istiqamətlərlə yanaşı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin getdikcə gücləndiyini və daha da genişləndiyini müşahidə edirik. Nəticə etibarilə, artıq türk dünyasını bir-birinə bağlayan mühüm ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının formalaşdığını da xüsusi qeyd etmək istərdim. Bu tədbirlərin böyük əksəriyyətinin bilavasitə Azərbaycanın təşəbbüsü ilə həyata keçirildiyini də xüsusi vurğulamaq lazımdır. Çünki burada önəmli məqam ondan ibarətdir ki, bu proseslərin önündə, forvaterində məhz Azərbaycan dayanır. Vətəndaş cəmiyyəti institutları arasında da məhz Azərbaycanın təşəbbüsü ilə müxtəlif istiqamətlərdə birgə fəaliyyətlərin həyata keçirildiyini görürük. Bu isə ictimai diplomatiya vasitəsilə türk həmrəyliyinin gücləndirilməsinə xidmət edən mühüm fəaliyyət istiqamətlərindən biridir. Şübhəsiz ki, bu təşəbbüslər bütövlükdə türk dünyasının inteqrasiyası yolunda mühüm fəaliyyətlərdən biri kimi dəyərləndirilə bilər. Bu gün möhtəşəm Heydər Əliyev Mərkəzində keçirilən Türk Dünyası Həftəsinin rəsmi açılış mərasimində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərlərinin təbrik çıxışlarında səsləndirilən mühüm mesajlar bütövlükdə türk dünyasının gələcək inkişaf strategiyasını müəyyənləşdirən və qarşıda duran hədəfləri özündə ehtiva edən əsas istiqamətlər kimi diqqəti cəlb etdi".

Siyasətçinin fikrincə, Türk Dünyası Həftəsi açılış mərasimində səsləndirilən əsas mesajların və onlardan irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün yeni baxış bucağı formalaşdıracaq:

"Nəticə etibarilə, 100 il əvvəl başlanan prosesə bu gün Bakıda keçirilən Türk Dünyası Həftəsi çərçivəsində yeni istiqamət veriləcək. Bu isə bütövlükdə türk dünyasını əlaqələndirən bağların daha da möhkəmlənməsinə səbəb olacaq və daha geniş kontekstdə türk ailəsinin bütövləşməsini təmin edən nəcib bir missiyaya çevriləcək. Bu baxımdan, Türk Dünyası Həftəsi təkcə tarixi irsə ehtiram deyil, həm də gələcəyə yönəlmiş mühüm mesajdır. Bu tədbir türk xalqları arasında elmi və mədəni həmrəyliyin möhkəmlənməsinə, ortaq dəyərlərin qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcəkdir".

Milli Məclisin komitə sədri Tahir Rzayev isə bildirdi ki, türk dövlətlərinin birliyi, əlbəttə ki, onların təhlükəsizliyinə, xalqlarının firavan həyatına və davamlı inkişafına xidmət edir:

"100 il bundan əvvəl keçirilən Birinci Türkoloji Qurultayın da əsas məqsədi məhz türk dövlətlərinin, türk dilli xalqların bütün istiqamətlər üzrə bir araya gəlməsi və ortaq dəyərlər ətrafında birləşməsi olmuşdur. Bu gün də həmin ali məqsəd öz aktuallığını qoruyur. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə inkişaf edən Türk Dövlətləri Təşkilatı da məhz bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Türk dövlətlərinin milli maraqlar uğrunda birgə mübarizə aparması, vahid platformadan çıxış etməsi, sözsüz ki, həm onların iqtisadi, həm də siyasi inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Dünyada baş verən mürəkkəb proseslər və yeni geosiyasi reallıqlar da bunu tələb edir. Çünki birləşmədən, həmrəylik nümayiş etdirmədən dövlətlərin təhlükəsizliyini təmin etmək, insanların maddi rifahını yüksəltmək mümkün deyil. Bu gün Bakıda keçirilən Türk Dünyası Həftəsi də bunu bir daha sübut etdi. Dünyanın 20 ölkəsindən nümayəndələrin iştirakı ilə keçirilən bu tədbirdə səsləndirilən fikirlər, ölkə rəhbərinin tədbir iştirakçılarına ünvanladığı müraciət, eləcə də digər dövlət başçılarının təbrik məktublarında türk dövlətlərinin birliyinin vacibliyi xüsusi vurğulandı. Türk Dünyası Həftəsi bir neçə gün davam edəcək. Bildirildiyi kimi, nümayəndələr, ictimai-siyasi xadimlər və müxtəlif dövlət qurumlarını təmsil edən şəxslər Şuşaya və işğaldan azad olunmuş digər ərazilərə səfər edəcəklər".

Azərbaycan necə rəqəmsal gücə çevrilir? | Modern.az

Müsahibimiz qeyd etdi ki, bu görüşlər çərçivəsində türk xalqlarının birliyinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm məsələlər müzakirə olunacaq və qarşıya yeni hədəflər qoyulacaq:

"Bu tədbirin məhz Bakıda keçirilməsi bir daha göstərir ki, Azərbaycan bu gün beynəlxalq əhəmiyyətli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməklə həm iqtisadi potensialını, həm də yüksək təşkilatçılıq bacarığını nümayiş etdirir. Bu baxımdan Türk Dünyası Həftəsinə verilən önəm bir daha sübut edir ki, dövlətimiz və dövlət başçısı bu istiqamətdə bütün zəruri tədbirləri həyata keçirir və həftənin yüksək səviyyədə təşkili üçün mövcud imkanlardan maksimum səmərə ilə istifadə olunub. Türk dövlətlərinin birliyi hər bir dövlətin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu birlik təkcə regionda sabitliyin və təhlükəsizliyin qorunmasına deyil, həm də hər bir dövlətin müstəqilliyinin, suverenliyinin və milli maraqlarının etibarlı şəkildə təmin olunmasına xidmət edir".

Xədicə BAXIŞLI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

2
Vumart və Güvən reklamı Vumart Güvən