Rusiya və Ukrayna üçün ən uyğun vasitəçi Türkiyədir - AÇIQLAMA

 17:09 30.06.2026     426

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukrayna ilə danışıqlar Minskdə keçirilə bilər. O xatırladıb ki, 2022-ci il Rusiya-Ukrayna danışıqları Belarus paytaxtında başlayıb.

Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, danışıqların Belarusda davam etməsi və bu prosesin orada yekunlaşması çox da inandırıcı deyil:

"Çünki Belarus aktiv şəkildə Rusiyanın tərəfdarıdır. Belarusda görüş keçirilən zaman Belarus lideri Aleksandr Lukaşenko Rusiyanın müəyyən qədər bəzi proseslərdə qarşısını ala biləcək lider hesab edilirdi və Ukraynanın o zamankı müvəqqəti rəhbərliyi də – hansı ki, prezident Viktor Yanukoviç ölkədən qaçmışdı və Ukrayna hakimiyyətini müvəqqəti rəhbərlik əvəz edirdi – onlar da belə fikirləşdilər ki, bəli, müəyyən qədər Rusiya Prezidenti Vladimir Putinə təsir imkanları olan lider Belarus Prezidenti Aleksandr Lukaşenko olduğu üçün bu danışıqların Minskdə keçirilməsi daha məqsədəuyğundur və bunun nəticəsi olaraq da bir Minsk sazişi bağlandı".

Müsahibimiz qeyd etdi ki, aktiv şəkildə müharibə gedir və Ukraynada bir dövlət aparatı var:

"Ukraynanın özünün xalq tərəfindən seçilmiş prezidenti var – Volodimir Zelenski – və Belarus tərəfi də öz mövqeyini ifadə edib, Rusiyanın yanındadır, Rusiyaya yardım göstərir. Düzdür, aktiv şəkildə müharibəyə qoşulmur, müharibənin aktiv fazasında iştirak etmir, ancaq müəyyən mənada Belarusun mövqeyi açıq-aydındır. Yəni bu mənada inanmaq olmaz ki, Ukrayna tərəfi buna razılıq versin ki, danışıqlar Belarus ərazisində keçirilsin və Minskdə hansısa bir formada saziş bağlansın. Əgər ümumi beynəlxalq vasitəçilərin iştirakı ilə, onların da razılığı əsasında bu şəhərdə görüş keçiriləcəksə, bəli, bu, baş tuta bilər. Ancaq danışıqlara ev sahibi ölkə kimi Belarusun vasitəçilik etməsi və danışıqların Minskdə davam etməsi, eləcə də bu sazişin Minskdə bağlanması, düşünürəm ki, inandırıcı deyil. Yəni bu ölkə elə bir ölkə olmalıdır ki, tamamilə bitərəf statusa malik olan ölkə olmalıdır və hər iki dövlətlə – həm Rusiya ilə, həm Ukrayna ilə – arasında nüfuzu olmalıdır, yəni bu ölkələrin içərisində nüfuzu olmalıdır. Əlbəttə ki, bu məsələdə ilk ağıla gələn dövlət Türkiyədir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən