ABŞ və İran arasında memorandum imzalansa da, gərginlik niyə səngimir? - ŞƏRH
Amerika Birləşmiş Ştatları (ABŞ) ilə İran İslam Respublikası arasında memorandum imzalanmasına baxmayaraq, tərəflər arasındakı gərginlik hələ də davam edir. Dövlət rəsmiləri qarşılıqlı şəkildə sərt və hədələyici bəyanatlar səsləndirir, Vaşinqton və Tehran arasında keçirilməsi planlaşdırılan texniki danışıqlar isə ləğv olunub.
Belə olan halda sual yaranır: tərəflər razılığa gəliblərsə, niyə gərginlik azalmır, niyə davamlı atəşkəs və sabit sülh mühiti formalaşmır?
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev Redaktor.az-a bildirdi ki, ABŞ ilə İran arasında yaşanan gərginlik yeni yaranmış vəziyyət deyil:
"Uzun illərdir tərəflər arasında kifayət qədər gərgin münasibətlər mövcuddur. Bu münasibətlər müxtəlif dövrlərdə bəzən açıq qarşıdurmaya, bəzən isə siyasi gərginliyə çevrilib. Cəmiyyətlər arasındakı ideoloji və köklü fərqlər bu gün də özünü bütün sahələrdə göstərir. Qarşıdurmanın əsas səbəblərindən biri də qarşılıqlı etimadsızlıqdır. Nə ABŞ İrana, nə də İran ABŞ-yə etimad göstərir. Elektron və ya distant qaydada imzalanmış razılaşmalar bu etimadı formalaşdırmaq üçün kifayət deyil. Əgər həqiqətən də davamlı sülh hədəflənirsə, bunun üçün mütləq sülh quruculuğu prosesi həyata keçirilməlidir".

Politoloqun sözlərinə görə, onilliklər boyu qarşıdurma şəraitində yaşamış iki dövlətdən bir neçə gün əvvəl imzalanmış sənədin dərhal tam etimad və dostluq münasibətləri yaradacağını gözləmək düzgün yanaşma deyil:
"Diqqət yetirilməli olan digər məqam odur ki, memorandum dövlət başçılarının üz-üzə görüşü zamanı deyil, elektron formatda razılaşdırılıb. Bu da göstərir ki, iki ölkənin rəhbərləri arasında hələ də yetərli etimad formalaşmayıb. Müqayisə üçün qeyd edim ki, Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli bəyanat onlayn qaydada imzalansa da, yekun sülh sazişinin mətninin paraflanması Vaşinqton görüşü zamanı baş tutdu. Yəni dövlət rəhbərlərinin eyni məkanda görüşməsi mümkün oldu və bu, sülh prosesinin mühüm elementlərindən biridir. Digər tərəfdən, hər iki dövlətin regionda dəyişməz strateji maraqları var və həmin maraqlar ətrafında ciddi rəqabət davam edir. Buna görə də cəmi 16 bənddən ibarət memorandumun bütün problemləri həll edəcəyini gözləmək real görünmür".
Ekspert hesab edir ki, tərəflər yenidən danışıqlar masasına qayıtmağa məcbur olacaqlar:
"Müasir beynəlxalq siyasi və iqtisadi reallıqlar bunu zəruri edir. Regionda ABŞ, İsrail və İranın iştirakı ilə genişmiqyaslı müharibənin baş verməsi nə həmin dövlətlərin, nə də beynəlxalq sistemin maraqlarına uyğundur".
Xədicə BAXIŞLI













