"Azərbaycan və Avropa İttifaqı əsas məsələlər üzrə ortaq mövqeyə malikdirlər" - Deputat

 15:53 02.07.2026     596

"İyulun 1-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri baş tutdu. Bu səfər bir daha göstərdi ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri dinamik inkişaf edir və tərəflər strateji tərəfdaş kimi əməkdaşlığı davam etdirirlər".

Bunu Redaktor.az-a danışan deputat Elman Nəsirov Azərbaycan Prezidenti İlham Əliyev və xanım Ursula Fon der Lyayenin mətbuata bəyanatlarını şərh edərkən bildirdi.

Millət vəkilinin fikincə, səfər bir daha təsdiqlədi ki, Azərbaycan və Avropa İttifaqı bir sıra istiqamətlər üzrə strateji tərəfdaş kimi çıxış edirlər:

"Xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq yüksək dinamika ilə inkişaf edir. Həm Ursula fon der Lyayen, həm də cənab İlham Əliyev çıxışlarında bu məsələyə xüsusi diqqət ayırdılar.

Qeyd olundu ki, 2022-ci ilin iyulunda Ursula fon der Lyayenin Azərbaycana əvvəlki səfəri zamanı ölkəmiz Avropa İttifaqına 8 milyard kubmetr təbii qaz ixrac edirdi. Hazırda isə Azərbaycan Avropa İttifaqının 10 üzv dövlətinə qaz ixrac edir və bu həcm 13 milyard kubmetrdən artıqdır. Eyni zamanda, 2027-ci ilədək qaz ixracının 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bu göstəricilər enerji sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyini nümayiş etdirir. İqtisadi əlaqələr də yüksələn xətt üzrə inkişaf edir. Azərbaycanın əsas ticarət tərəfdaşları arasında Avropa İttifaqı birinci yerdədir. Ölkəmizin xarici ticarət dövriyyəsinin və ixracının təxminən 40 faizi Avropa İttifaqının payına düşür. Digər tərəfdən, Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin təxminən 70 faizi Azərbaycanın payına düşür. Enerji sahəsi prioritet istiqamət olaraq qalır. Son illər ərzində Azərbaycanın Avropa bazarına qaz ixracı 65 faiz artıb. Bu faktlar əməkdaşlığın real nəticələrini ortaya qoyur".

Deputatın sözlərinə görə, səfər göstərdi ki, bundan sonrakı əsas prioritetlər nəqliyyat və rəqəmsal keçid sahələrində əməkdaşlığın genişləndirilməsidir:

"Ursula fon der Lyayen bildirdi ki, Avropa İttifaqı Azərbaycanla strateji nəqliyyat tərəfdaşlığını inkişaf etdirmək niyyətindədir. Bu məqsədlə Bakıda regional nəqliyyat və daşınmalar üzrə investisiya konfransının keçirilməsi planlaşdırılır. Ursula Fon der Lyayen çıxışında Azərbaycanın regional sabitlik və inkişafın təşviqində mühüm rol oynadığını da xüsusi vurğuladı. O qeyd etdi ki, Azərbaycan Prezidenti sülhün və sabitliyin təşviqi istiqamətində liderlik nümayiş etdirir. Səfər zamanı məlum oldu ki, Avropa İttifaqının "Qlobal Qapılar" təşəbbüsü çərçivəsində Azərbaycana 200 milyon avroya qədər maliyyə dəstəyi ayrılması nəzərdə tutulur. Bundan əlavə, dövlət və özəl sektorun iştirakı ilə gələcəkdə 2 milyard avroya qədər investisiyanın cəlb edilməsi potensialı qiymətləndirilir. Ursula fon der Lyayen Azərbaycan ilə Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişi də yüksək qiymətləndirdi. O, sülh sazişinin paraflanması istiqamətində atılan addımları dəstəklədiyini bildirdi və qeyd etdi ki, Avropa İttifaqı bu prosesə bundan sonra da töhfə vermək niyyətindədir.

Bu məqsədlə Avropa İttifaqının 20 milyon avro maliyyə vəsaiti ayırmağı planlaşdırdığı bildirildi. Həmin vəsaitin postmünaqişə dövründə təcili tibbi yardım xidmətlərinin gücləndirilməsi, artezian quyularının qazılması, kənd təsərrüfatının inkişafı, minalardan təmizləmə işləri və digər humanitar layihələrin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Ümumilikdə, səfər bir daha göstərdi ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri strateji əhəmiyyət daşıyır və inkişaf dinamikasını qoruyur. Tərəflər əsas məsələlər üzrə ortaq mövqeyə malikdirlər. Qarşıdakı dövrdə münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi, hərtərəfli strateji tərəfdaşlıq sənədinin imzalanması və bu istiqamətdə danışıqların davam etdirilməsi əsas hədəflərdən biri kimi qiymətləndirilir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən