"Azərbaycan üçün Avropa istiqaməti xarici siyasətdə çox vacibdir" - Fariz İsmayılzadə
Xəbər verdiyimiz kimi, dünən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycanda səfərdə olub.
Avropalı siyasətçinin ölkəmizə səfərini şərh edən millət vəkili Fariz İsmayılzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, bu səfər çox müsbət qiymətləndirilir:
"Şəxsən mən hesab edirəm ki, bu, Avropa–Azərbaycan münasibətlərində hərtərəfli əməkdaşlıq istiqamətində yeni bir mərhələnin başlanğıcı deməkdir. Çünki bilirik ki, həm energetika sahəsində, həm nəqliyyat dəhlizləri, həm də təhlükəsizlik məsələləri üzrə çox intensiv əməkdaşlıq gedir. Yeni layihələr, yeni marşrutlar müzakirə olunur".
Deputatın sözlərinə görə, bu səfər bir daha göstərdi ki, Azərbaycan üçün Avropa istiqaməti xarici siyasətdə çox vacibdir:
"Eyni zamanda, Avropanın özü üçün də Cənubi Qafqaz və Orta Asiya regionu prioritet bölgələrdən biridir. Burada yeni təşəbbüslər ortaya çıxır. Ona görə də mən hesab edirəm ki, bu səfər ikitərəfli münasibətlərə, ticarət əlaqələrinə, investisiyalara, yeni sərmayələrin cəlb olunmasına, eləcə də yaşıl energetikanın inkişafına yeni təkan verəcək. Bu baxımdan, mən bu inkişafı çox müsbət qiymətləndirirəm".
Xədicə BAXIŞLI













