"İsrail Livandan çıxmaq haqqında düşünmür" - AÇIQLAMA

 17:30 02.07.2026     327

"ABŞ ilə İran arasında bağlanan 14 maddəlik müqavilənin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür və bilirik ki, bu müqavilələr də 60 gün ərzində yerinə yetirilməlidir. Onlardan az hissəsi yerinə yetirilib. O cümlədən, ABŞ Hörmüz boğazındakı mühasirəni açıb, artıq oradan 50 milyon barreldən artıq neft qısa müddətdə daşınıb. Ancaq həmin müqavilənin birinci bəndi – hər yerdə müharibənin dayandırılması, o cümlədən də Livanda müharibənin dayandırılması və Livanın suverenliyinin təmin olunması maddəsinə İsrail razılıq vermir. Bildirirlər ki, biz Amerikanın tabeçiliyində olan dövlət deyilik, biz müstəqil siyasət yürüdürük və ona görə də biz İsrailin milli təhlükəsizliyi naminə Livanın cənubundan çıxmayacağıq".

Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Livanın milli suverenliyinin həyata keçirilməsi üçün İran, ABŞ və Livan arasında birgə komissiyanın yaradıldığı barədə açıqlamasına münasibət bildirərkən dedi.

Həmsöhbətimiz vurğuladı ki, İsraillə Livan arasında Vaşinqtonda danışıq oldu və danışıq nəticəsində razılığa gəlindi:

"Livan razılıq verdi ki, Livanın cənubunda 10 km enində böyük ərazi hələlik İsrailin nəzarətində qalsın. Bu da, təbii ki, İranın əlində bir səbəb oldu. İran bildirir ki, Amerika götürdüyü öhdəlikləri yerinə yetirmir. Yəni İranın ilk tələbi olan müharibənin dayandırılması, həm də Livandan İsrail qoşunlarının çıxarılması məsələsi idi. Bu, yerinə yetirilməsə, digərləri də çətin yerinə yetiriləcək. İranın tələbidir ki, Livan, ABŞ və İran arasında bir komissiya yaradılsın və bu məsələlərə baxılsın. Mən hesab edirəm ki, bu da bir nəticə verməyəcək. Bu maddə yerinə yetirilməyəndən sonra İsraillə ABŞ arasında müəyyən soyuqluq əmələ gəlir. O cümlədən də dünən mətbuatda paylaşıldı ki, bir Amerika vətəndaşı İsraildə İranın xeyrinə casusluq etdiyinə görə tutulub. Yəni görünür ki, İranla Amerikanın münasibətlərində müəyyən yaxınlaşmalar olur, ancaq əksinə, İsraillə ABŞ arasında müəyyən soyuqluq əmələ gəlir. Eyni zamanda, İsrailin Baş naziri Benyamin Netanyahu da öz çıxışında bildirdi ki, indiyə qədər ABŞ bizə yardımlar edirdi və biz bu ildən sonra o yardımları istəmirik. Çünki biz özümüz artıq güclü dövlətik, öz iqtisadiyyatımız var, hərbi sənayemiz var və ona görə də bundan imtina edirik. Fikrimcə, Netanyahu başa düşür ki, artıq Amerika da İsrailə ciddi dəstək göstərmək istəmir. Çünki İsrail Vaşinqtonun dediklərini yerinə yetirmir".

Siyasi şərhçinin fikrincə, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın dediyi kimi, İran, ABŞ və Livan arasında komissiya yaransa da, effekti o qədər də olmayacaq:

"Yəni İsrail Livandan çıxmaq haqqında düşünmür. Əksinə, Netanyahunun güc nazirləri – həm müdafiə naziri, həm də milli təhlükəsizlik naziri dəfələrlə bildiriblər ki, biz buradan çıxası deyilik, bura İsrailin milli təhlükəsizliyinə təhdid yaradan zonadır və ona görə biz buradayıq. Yəni bu nöqteyi-nəzərdən İsrail qoşunları Livan ərazisindən çıxmasa, təbii ki, bu komissiyanın da heç bir effektivliyi olmayacaq. Təbii ki, Amerika da müəyyən sözlər versə də, hələlik onları yerinə yetirə bilmir. Ona görə də bəri başdan deyirəm ki, bu komissiyanın ciddi bir təsiri olmayacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən