"Avropa İttifaqının Azərbaycana ciddi ehtiyacı var" - Deputat

 17:54 02.07.2026     668

"Azərbaycan-Avropa İttifaqı münasibətləri həqiqətən də yeni bir mərhələyə daxil olur. Bu mərhələni yeni edən əsas məqamlardan biri Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığın yeni səviyyəyə yüksəldilməsi istiqamətində nümayiş etdirilən yanaşmalardır. Belə ki, Avropa Komissiyası, xüsusilə də Ursula Fon der Lyayenin timsalında, Cənubi Qafqaz bölgəsində həyata keçirilən mühüm inteqrasiya layihələrinin daha uğurla reallaşdırılmasında maraqlı olduğunu açıq şəkildə ifadə edir. Şərqlə Qərbi birləşdirən nəqliyyat və logistika layihələrinin mövcudluğu baxımından Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda Avropa Komissiyası "Global Gateway" proqramı vasitəsilə Orta Dəhlizin potensialının artırılmasında maraqlı olduğunu bildirir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Azər Allahverənov Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfər etməsindən danışarkən bildirdi.

Onun sözlərinə görə, enerji layihələrinin davamlı şəkildə həyata keçirilməsi və Avropa istiqamətində ixrac olunan təbii qazın həcminin artırılması məsələsində də Avropa İttifaqının ciddi ehtiyacı var:

"Bütün bunları nəzərə aldıqda görürük ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər artıq tamamilə yeni mahiyyət kəsb edir. Bu yeni mərhələ həm regionda uzunmüddətli və dayanıqlı inkişaf strategiyasının formalaşmasına şərait yaradır, həm də yeni geosiyasi reallıqlar fonunda Avropa İttifaqının ehtiyaclarının qarşılanması üçün əlverişli imkanlar açır. Xüsusilə nəzərə alsaq ki, Şərqlə Qərbi birləşdirən inteqrasiya layihələri Mərkəzi Asiya respublikaları və Cənubi Qafqazdan keçir, Avropa İttifaqı həmin layihələrin həyata keçirilməsində yaxından iştirak etməkdə maraqlıdır. Lakin bu iştirak siyasi dominantlıq formasında mümkün deyil. Çünki söhbət Avrasiya məkanını birləşdirən inteqrasiya layihələrindən gedirsə, burada əsas prinsip bərabərhüquqlu tərəfdaşlıq olmalıdır".

Millət vəkili qeyd etdi ki, Avropa İttifaqı vaxtilə bunu müəyyən mənada Gürcüstan üzərindən həyata keçirməyə çalışmışdı:

"Lakin bu yanaşma nəticə vermədi. Bu baxımdan Azərbaycanın məsələlərə konstruktiv yanaşması, praqmatik xarici siyasəti və sözünün imzası qədər dəyərli olduğunu nümayiş etdirməsi Avropa İttifaqını daha çox ümumi məqsədlərə xidmət edən əməkdaşlıq modelinə yönəltdi. Bu səbəbdən də Avropa İttifaqı Ursula Fon der Lyayenin mövqeyi ilə daha konstruktiv yanaşma nümayiş etdirməyə çalışır və bununla da Cənubi Qafqazın iqtisadi inkişafına və siyasi sabitliyinə töhfə verə biləcək mühüm mesajlar verir.

Burada enerji layihələrinin reallaşdırılması, nəqliyyat-logistika infrastrukturunun təkmilləşdirilməsi, onun potensialının artırılması, təbii qaz ixracının həcminin genişləndirilməsi, eləcə də dayanıqlı sülhün bərqərar olunması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın, xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra nümayiş etdirdiyi sülh mövqeyi, kommunikasiyaların açılması istiqamətində irəli sürdüyü təşəbbüslər Avropa İttifaqına göstərdi ki, Azərbaycan yalnız bəyanatlar vermir, eyni zamanda səsləndirdiyi təşəbbüsləri praktikada da reallaşdırır".

A.Allahverənov əlavə etdi ki, bu gün Ermənistanla kommunikasiyaların açılması, Gürcüstan vasitəsilə dəmir yolu üzərindən neft məhsullarının, kənd təsərrüfatı məhsullarının, gübrənin və digər yüklərin tranzit daşınmasının həyata keçirilməsi, eləcə də Azərbaycanın neft məhsullarının Ermənistan bazarına çıxış imkanlarının yaradılması Azərbaycanın bu məsələdə mövqeyini və niyyətini göstərən mühüm göstəricilərdir:

"Avropa İttifaqı da bunu qiymətləndirir. Məhz buna görə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək dəmir yolunun açılması, yeni kommunikasiyaların qurulması, yaşıl enerjinin ötürülməsi üçün nəzərdə tutulan enerji kabellərinin çəkilməsi və digər infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində Avropa Komissiyasının bölgəyə böyük həcmdə sərmayə yatırmaq niyyəti göstərir ki, Avropa İttifaqı Cənubi Qafqazda yeni siyasi reallığın formalaşdığını qəbul edir. Bu reallıq konstruktiv əməkdaşlıq və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanır və burada hər hansı tərəfin dominant mövqedə çıxış etməsinə imkan vermir. Burada əsas məsələ Azərbaycanın milli maraqları və Cənubi Qafqazın dayanıqlı sülh və inkişafında maraqlı olmasıdır. Bu yanaşma həm Ermənistan, həm də Gürcüstan üçün əhəmiyyətlidir. Məhz buna görə Avropa İttifaqı bu prosesdə fəallıq nümayiş etdirməklə yanaşı, Azərbaycanla strateji tərəfdaşlığını daha da dərinləşdirməyə çalışır. Eyni zamanda Azərbaycan da qaz ixracının coğrafiyasını genişləndirməkdə maraqlıdır".

O əlavə etdi ki, Avropa İttifaqına üzv bir sıra dövlətlər bu gün Azərbaycanın təbii qazına ciddi ehtiyac duyurlar:

"Bu isə onunla bağlıdır ki, Azərbaycan strateji tərəfdaş olmaqla yanaşı, həm də etibarlı tərəfdaş kimi özünü təsdiqləyib. Bu isə bütövlükdə regional inkişaf və sabitliyə xidmət edir. Məhz bu məqamlar Avropa Komissiyası və onun Prezidenti Ursula Fon der Lyayen tərəfindən dəfələrlə vurğulanır. Bütün bunlar gələcəkdə Azərbaycan–Avropa İttifaqı münasibətlərinin daha da inkişaf etdirilməsi üçün güclü siyasi iradənin mövcud olduğunu göstərir ki, bu da Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Avropa İttifaqı üçün Mərkəzi Asiya nə qədər önəmlidirsə, həmin regiona gedən yollar da məhz Azərbaycandan keçir. Eyni zamanda Çin və Mərkəzi Asiya respublikaları üçün Avropa İttifaqı bazarı nə qədər cəlbedicidirsə, həmin bazarlara çıxış yolları da Azərbaycandan keçir. Bu baxımdan Azərbaycanın çox mühüm birləşdirici missiyası var və ölkə bu missiyanı bu gün uğurla həyata keçirir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən