Aİ-nin yeni sərmayələri Azərbaycanın strateji əhəmiyyətini artıracaq - Deputat

 17:20 02.07.2026     386

Xəbər verdiyimiz kimi, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ölkəmizə səfər edib. Səfər çərçivəsində dövlət başçısı İlham Əliyev ilə birlikdə mətbuata bəyanatla çıxış edən Avropa rəsmisi bildirib ki, “Qlobal Qapılar” Sərmayə Proqramı vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər qrant şəklində sərmayə yatıracaqlar.

“Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsaitləri cəlb etmək potensialı var. Layihələrə Naxçıvandan keçən dəmir yolu bağlantısı və ya Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər”, deyə o qeyd edib.

Bəs bu tip layihələr Azərbaycanın rolunun güclənməsinə necə təsir edə bilər? 

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov qeyd etdi ki, Azərbaycan və Avropa İttifaqı arasındakı əməkdaşlıq istiqamətlərindən biri də məhz nəqliyyat və logistikadır.

Onun sözlərinə görə, "Qlobal Qapılar" sərmayə proqramı çərçivəsində Avropa İttifaqı Cənubi Qafqazın nəqliyyat strukturuna sərmayə qoyuluşu həyata keçirmək niyyətindədir:

"Artıq bununla bağlı da Brüsseldə qərar qəbul edilib. Bütövlükdə Avropa İttifaqı yalnız dövlət sferasına deyil, eyni zamanda özəl sektorda da bu istiqamətdə daha çox vəsaitin, sərmayənin cəlb edilməsini nəzərdə tutur. Nəzərə alsaq ki, Azərbaycan üzərindən daşınan yüklərin həcmində artım qeydə alınıb, bu da, təbii ki, son illər həm Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndirilməsinə gətirib çıxarmaqla yanaşı, həm də dövlət gəlirlərimizin artmasına xidmət edib. Çünki beynəlxalq yükdaşımalar dövlət büdcəsinin qeyri-neft sektorundan daxilolmalarına birbaşa təsir göstərir. Bu da ölkəyə valyutanın daxil olmasına imkan yaradır. Eyni zamanda Azərbaycanın regional məsələlərdə rolunun güclənməsi anlamına gəlir".

Millət vəkili vurğuladı ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə regionda formalaşan yeni düzən praktik olaraq region ölkələri ilə qonşuların, eləcə də aparıcı ittifaqların əməkdaşlığının güclənməsinə xidmət edir:

 "Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Layenin mətbuat bəyanatlarında da qeyd olunduğu kimi, xüsusən də regionda sülhün dəstəklənməsi və dayanıqlı sülhün əldə edilməsi vacib istiqamətlərdəndir. Bu istiqamətdə, təbii ki, Azərbaycan praktik olaraq səylərini davam etdirir. Yalnız nəqliyyat-logistika sahəsində deyil, digər istiqamətlərdə də, o cümlədən Ermənistana yanacaq nəqlinin həyata keçirilməsi, Azərbaycan üzərindən Ermənistana daşınan bütün yüklərlə bağlı məhdudiyyətin tam olaraq aradan qaldırılması Azərbaycanın həm sülh gündəliyinə sadiqliyini, həm də, təbii ki, regionda əməkdaşlığa töhfəsini nümayiş etdirir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən