Ursula Fon der Lyayen İrəvana niyə gedib? - Deputat AÇIQLADI

 17:43 02.07.2026     392

Xəbər verdiyimiz kimi, dünən Azərbaycana səfərə gələn Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin işgüzar səfəri bu gün başa çatıb. O, Azərbaycandan sonra Ermənistana səfər edib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Azər Allahverənov bildirdi ki, Ursula Fon der Lyayenin Ermənistana səfəri Avropa Komissiyasının Cənubi Qafqazla bağlı xüsusi planlarının olduğunu göstərir:

"Bu planlar bilavasitə iqtisadi əsaslı layihələrin reallaşdırılması ilə əlaqədardır. Burada önəmli məsələlərdən biri də iki dövlət arasında sülhün bərqərar olunması və bu prosesin daha da inkişaf etdirilməsidir. Avropa İttifaqı bu məsələyə xüsusi önəm verir və sülh quruculuğu prosesinin dərinləşdirilməsinin, xüsusilə də sülh sazişinin imzalanması istiqamətində daha intensiv fəaliyyət göstərilməsinin vacibliyini vurğulayır.

Böyük ehtimalla demək olar ki, Ursula Fon der Lyayenin Ermənistana səfəri zamanı Ermənistanın bu məsələyə münasibətinin daha qətiyyətli olmasına da təsir göstərə bilər. Ən azından Ermənistan tərəfi anlayır ki, konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu, eləcə də Nikol Paşinyanın irəli sürdüyü 'real Ermənistan' konsepsiyasına uyğun yeni Konstitusiyanın qəbul edilməsinə ehtiyac var. Bunun üçün isə referendum keçirilməlidir.

Böyük ehtimalla Avropa Komissiyasının rəhbəri də bu məsələ ilə bağlı öz mövqeyini ifadə edə bilər. Bu isə nəticə etibarilə sülh sazişinin imzalanmasına təkan verə bilər. Çünki yeni Konstitusiya qəbul edilmədən və müvafiq müddəalar dəyişdirilmədən Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması mümkün deyil".

Müsahibimiz qeyd etdi ki, sülh sazişinin imzalanmaması bu gün iki dövlət arasında sülh quruculuğu prosesinə və bütövlükdə Cənubi Qafqazda dayanıqlı inkişafın təmin olunmasına maneə yaradan əsas amillərdən biridir:

"Ursula Fon der Lyayen də böyük ehtimalla bu məsələyə münasibət bildirərək Ermənistan tərəfini daha cəsarətli addımlar atmağa təşviq edə bilər. Bu da nəticə etibarilə yeni Konstitusiyanın qəbuluna, sonrakı mərhələdə isə sülh sazişinin imzalanmasına gətirib çıxara bilər.

Eyni zamanda kommunikasiyaların açılması məsələsi də Ursula Fon der Lyayenin Ermənistana səfəri zamanı əsas müzakirə mövzularından biri ola bilər. Hazırda Ermənistan daha çox şifahi bəyanatlarla çıxış edir. Baş nazir Nikol Paşinyan avtomobil yollarının açılması və digər məsələlər barədə danışır. Lakin bu istiqamətdə daha çevik və operativ addımların atılmasına ehtiyac var ki, kommunikasiyalar qısa müddətdə açılsın".

Deputatın sözlərinə görə, bu gün Ermənistanın yanacaq, kükürd və kənd təsərrüfatı məhsullarına olan müəyyən ehtiyacları Azərbaycanın yaratdığı tranzit imkanları hesabına təmin olunur. Eyni qaydada Ermənistan da Azərbaycan üçün əhəmiyyətli olan tranzit yükdaşımalarının öz ərazisindən həyata keçirilməsi üçün əlverişli şərait yarada bilər:

"Bu isə regionda sülhün daha tez bərqərar olunmasına xidmət edər. Yəqin ki, Ursula Fon der Lyayen də bu məsələlərə münasibət bildirərək Ermənistanı daha cəsarətli addımlar atmağa təşviq etməyə çalışacaq. Bu isə sülh prosesinin sürətlənməsinə müsbət təsir göstərə bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən