"İran mövcud reallıqları tam qiymətləndirə bilmir" - Akif Nağı

 17:25 02.07.2026     530

"ABŞ ilə İranın mövqeləri bir-birinə tamamilə ziddir. ABŞ regionda təsir imkanlarını gücləndirmək, İranın müqavimətini zəiflətmək, nüvə silahı əldə etməsinin qarşısını almaq və Tehranın siyasətinə təsir göstərmək istəyir. Eyni zamanda Vaşinqton İranın enerji resursları və regiondakı geosiyasi roluna dair öz maraqlarını təmin etməyə çalışır. Hörmüz boğazı da bu qarşıdurmanın əsas istiqamətlərindən biridir".

Bu fikirləri Redaktor.az-a ABŞ və İran haqqında danışan politoloq Akif Nağı səsləndirdi.

Onun sözlərinə görə, İran nüvə proqramını davam etdirmək, regional təsir imkanlarını artırmaq, ABŞ-ni sanksiyaları aradan qaldırmağa məcbur etmək, dondurulmuş aktivlərinin açılmasına nail olmaq və Hörmüz boğazının strateji əhəmiyyətindən istifadə etməklə mövqeyini gücləndirmək niyyətindədir:

"Belə bir şəraitdə tərəflər arasında aparılan danışıqlar və hərbi əməliyyatlar arasında yaranan fasilələr daha çox vaxt qazanmağa hesablanıb. İran hesab edir ki, müqavimət nümayiş etdirməklə öz mövqeyini gücləndirə bilər. Hətta hərbi əməliyyatlar dövründə İran rəsmiləri tərəfindən "Hörmüz boğazı atom bombasından da güclü silahdır" kimi fikirlər səsləndirilirdi. Bununla Tehran Hörmüz boğazından istifadə edərək ABŞ-yə təzyiq göstərməyə və öz tələblərini qəbul etdirməyə çalışırdı. İran rəhbərliyi həmçinin ölkə daxilində nümayiş etdirilən müqaviməti də üstünlük kimi təqdim etməyə çalışır. Onlar bunu beynəlxalq aləmin nəzərə almalı olduğu amil kimi qiymətləndirirlər. Məhz buna görə də danışıqlarda ciddi güzəştlərə getmirlər və iddialı mövqe nümayiş etdirirlər. Hazırda Doha danışıqları ilə bağlı hər iki tərəf müəyyən irəliləyişlərin olduğunu bildirir. Lakin əsas fikir ayrılıqları aradan qalxmadığı müddətdə bu nəticələri ciddi dönüş nöqtəsi hesab etmək çətindir. Hətta hansısa mühüm sənəd imzalansa belə, onun uzunömürlü olacağına dair suallar qalır. Bu səbəbdən hesab edirəm ki, tərəflər arasında əsas ziddiyyətlər danışıqlarla tam həll olunmur. Nə İran öz mövqeyindən geri çəkilir, nə də ABŞ strateji hədəflərindən imtina edir. Bu baxımdan, danışıqlar davam etsə də, paralel olaraq iqtisadi və siyasi maraqlar uğrunda mübarizə də gedir. Bəzən danışıqlar neft bazarına təsir göstərir, bəzən isə hərbi gərginlik qiymətlərə başqa istiqamətdə təsir edir və tərəflər bundan müəyyən dividendlər əldə etməyə çalışırlar".

Müsahibimiz hesab edir ki, yaxın bir neçə ay ərzində vəziyyət daha da aydınlaşacaq:

"Mövcud vəziyyət uzun müddət davam edə bilməz. ABŞ İranın siyasətini və davranışını dəyişdirməyə çalışır, İran isə Vaşinqtonu öz mövqeyi ilə hesablaşmağa məcbur etmək istəyir. Bu isə barışmaz mövqelərdir. İran müəyyən mənada müqavimət göstərə biləcəyinə inanır. ABŞ isə mərhələli şəkildə öz məqsədlərinə doğru irəliləyir. Ola bilsin ki, Tehranda hesab edirlər ki, gələcəkdə ABŞ-də hakimiyyət dəyişikliyi baş verər və bu, siyasətə təsir edər. Lakin ABŞ-nin Yaxın Şərq siyasəti əsasən strateji maraqlara söykəndiyi üçün hakimiyyət dəyişikliyi bu xətti köklü şəkildə dəyişmir. Bu baxımdan hesab edirəm ki, İran mövcud reallıqları tam qiymətləndirə bilmir. Mövcud qarşıdurmanın mahiyyəti nəzərə alınarsa, əsas məsələlərin gələcəkdə hərbi-siyasi müstəvidə həll olunması ehtimalı danışıqlardan daha yüksək görünür".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən