Ankaradakı Tramp-Zelenski görüşünün pərdəarxası: Nələr müzakirə olunacaq?

 14:20 06.07.2026     464

ABŞ Prezidenti Donald Trampın NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirəcəyi görüş beynəlxalq gündəmin əsas mövzularından biridir. Tərəflərin görüşdə Rusiya-Ukrayna müharibəsinin gedişi və mümkün sülh razılaşmasını müzakirə edəcəyi gözlənilir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Abutalıb Səmədov bildirdi ki, NATO sammiti çərçivəsində baş tutacaq Tramp-Zelenski görüşündə əsas diqqət sülh sazişi ətrafında aparılan danışıqlara yönələcək:

"Əvvəldən də bəyan olunmuşdu ki, sammitin əsas mövzularından biri Ukrayna məsələsi olacaq. Lakin sammit ərəfəsində Trampın Putinlə telefon danışığı aparması diqqət çəkdi. Görünür, o, Rusiyanın mövqeyini bir daha dəqiqləşdirmək və sonradan bunu Prezident Zelenskiyə çatdırmaq istəyib. Ehtimal etmək olar ki, Ankarada keçiriləcək görüş zamanı Tramp Zelenskini müəyyən güzəştlərə getməyə inandırmağa çalışacaq. Çünki son günlər Rusiya Donetsk vilayətinin mühüm şəhərlərindən biri olan Konstantinovkanı ələ keçirdiyini açıqlayıb və bunu xüsusi vurğulayır. Böyük ehtimalla Putin də Trampa cəbhədə əldə olunan irəliləyişlərdən danışaraq bildirib ki, əgər Zelenski Donbas məsələsində güzəştə getməsə, Rusiya həmin əraziləri hərbi yolla nəzarətə götürməyə davam edəcək".

Müsahibimiz xatırlatdı ki, Alyaskada Donald Tramp və Vladimir Putin arasında keçirilən görüşdən təxminən bir il keçir:

"Həmin görüşdə ilk dəfə Ukraynanın Donbasdan imtina etməsi məsələsi gündəmə gətirilmişdi. Tramp bu yanaşmaya müsbət münasibət göstərsə də, Zelenski bunu qəbul etməmişdi. Bu müddət ərzində isə Donbasın daha bir hissəsi Rusiya tərəfindən işğal olunub. Bu amilin Ankaradakı görüşə də təsir göstərəcəyi gözlənilir. Trampın Zelenskiyə təzyiq edərək onu sülh razılaşmasına razı salmağa çalışacağı ehtimal olunur. Lakin bu cəhdlərin nəticə verəcəyi inandırıcı görünmür. Çünki Zelenskinin ərazi güzəştinə getməyəcəyi məlumdur və Avropa ölkələri də bu məsələdə onu dəstəkləyirlər. Bu səbəbdən Ankarada keçiriləcək Tramp-Zelenski görüşünün Rusiya-Ukrayna münasibətlərində ciddi dönüş yaradacağı gözlənilmir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən