Azərbaycan Cənubi Qafqazda Aİ-nin əsas ticarət tərəfdaşıdır - Deputat
“Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Bu ilin martında cənab Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Koştanı, may ayında Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul edib. Bu dəfə isə Avropa Komissiyasının Prezidenti Azərbaycana gəlib. Bu isə o deməkdir ki, əməkdaşlığımız müsbət mənada sürətlə inkişaf edir. Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı verdiyi bəyanatda da qeyd etdiyi kimi, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır”.
Bu barədə Redaktor.az-a açıqlamasında deputat Vüqar İskəndərov bildirdi.
Onun sözlərinə görə, ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır:
"Enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunun imzalanması nəticəsində Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artıb. Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır. Bu coğrafiyanı genişləndirmək potensialımız da var. Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Azərbaycan böyük dərəcədə siyasi səylər qoyaraq, diplomatik fəaliyyət apararaq, neftin və qazın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırıb. Cənub Qaz Dəhlizi bu yöndə xüsusi əhəmiyyət kəsb edir. Bu gün 3500 kilometrlik vahid boru kəməri sistemi təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir. Azərbaycan regional daşımalar layihələrinin bir çoxunda fəal iştirakçı və təşəbbüskardır. Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir. Bu gün əminliklə demək olar ki, Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Bu da ilk növbədə iqtisadiyyatımızın daha da güclənməsinə xidmət edəcək".
NURİYYƏ













