Tramp-Zelenski görüşü müharibənin taleyinə təsir edəcək? - ŞƏRH
ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcək.
Bəs görüşdə hansı mövzular müzakirə edilə və nəticələr əldə oluna bilər?
Politoloq Yusif Bağırzadə Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Tramp və Zelenski arasında NATO sammiti çərçivəsində baş tutacaq görüş təbii olaraq beynəlxalq ictimaiyyət tərəfindən xüsusi diqqətlə izlənilir:
"Bunun əsas səbəbi ABŞ-nin Ukrayna siyasətinin həm müharibənin gedişinə, həm də Avropanın təhlükəsizlik sisteminə birbaşa təsir göstərməsidir. Donald Trampın prezidentliyə qayıdışından sonra Vaşinqtonun Ukrayna məsələsinə yanaşmasında müəyyən taktiki dəyişikliklərin müşahidə olunması bu görüşün əhəmiyyətini daha da artırır.
Danışıqların əsas gündəmini ilk növbədə Ukraynaya hərbi yardımın davam etdirilməsi, hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, silah tədarükü və maliyyə dəstəyi məsələləri təşkil edə bilər. Ukrayna rəhbərliyi ABŞ-dən həm hərbi, həm də siyasi dəstəyin uzunmüddətli şəkildə davam etdirilməsi ilə bağlı aydın təminatlar almağa çalışacaq. Vaşinqton isə ayrılan resursların səmərəli istifadəsi, müttəfiqlərin məsuliyyət bölgüsü və müharibənin gələcək inkişaf ssenariləri ilə bağlı öz yanaşmasını təqdim edə bilər. Amma bunlar hazırda Tramp üçün ikinci dərəcəli məsələlərdir".

Siyasətçinin sözlərinə görə, əsas məsələ Rusiya ilə münaqişənin diplomatik yolla həlli perspektivləri ilə bağlıdır ki, görüşdə bunun xüsusi olaraq müzakirə olunacağına şübhə yoxdur:
"Donald Tramp daha əvvəl müharibənin danışıqlar yolu ilə başa çatdırılmasının vacibliyini vurğulayıb və bu istiqamətdə müxtəlif təşəbbüslər irəli sürəcəyini bildirib. Son olaraq İranla Anlaşma Memorandumundan sonra da diqqətini artıq Rusiya-Ukrayna müharibəsinə yönəldəcəyinə dair bəyanatla çıxış edib. Zelenski isə mümkün danışıqların Ukraynanın suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında aparılmasının vacibliyini ön plana çıxarır. Bu baxımdan tərəflərin sülh prosesinə yanaşmalarında müəyyən fərqlər mövcud olsa da, dialoqun davam etdirilməsi hər iki ölkənin maraqlarına uyğun görünür".
Y.Bağırzadə bildirdi ki, görüş zamanı NATO çərçivəsində təhlükəsizlik zəmanətləri və Avropa müttəfiqlərinin üzərinə düşən məsuliyyət məsələlərinin də müzakirə ediləcəyi gözlənilir.
"ABŞ uzun müddətdir Avropa dövlətlərinin müdafiə xərclərini artırmasını və kollektiv təhlükəsizlik yükünü daha çox bölüşməsini tələb edir. Bu kontekstdə Ukraynanın gələcək təhlükəsizlik modeli, NATO ilə əməkdaşlığının inkişafı və müharibədən sonrakı təhlükəsizlik mexanizmləri barədə fikir mübadiləsi aparılması mümkündür. Bununla yanaşı, iqtisadi və humanitar məsələlər də diqqət mərkəzində ola bilər. Ukraynanın bərpası, enerji infrastrukturunun yenidən qurulması, investisiya layihələri və beynəlxalq donorların koordinasiyası kimi mövzular uzunmüddətli sabitlik baxımından xüsusi əhəmiyyət daşıyır. ABŞ bu prosesdə əsas tərəfdaşlardan biri olaraq qalır və Kiyev Vaşinqtonun bu istiqamətdə dəstəyinin davam etməsində maraqlıdır.
Danışıqlardan konkret və dərhal nəticələr gözləmək çətin olsa da, görüşün siyasi baxımdan mühüm mesajlar verməsi ehtimalı yüksəkdir. Əgər tərəflər əsas prioritetlər üzrə ortaq mövqelərini nümayiş etdirə bilsələr, bu, həm Ukraynaya dəstəyin davam edəcəyinə dair siqnal olacaq, həm də NATO daxilində koordinasiyanın qorunmasına xidmət edəcək. Bununla belə, müharibənin mürəkkəb xarakteri və tərəflər arasında mövcud fikir ayrılıqları nəzərə alınarsa, bir görüş çərçivəsində fundamental razılaşmaların əldə olunacağı gözlənilmir", - deyə o qeyd etdi.
Aytəkin TOFİQQIZI













