Türkiyənin Rusiya-Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? - AÇIQLAMA
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması istiqamətində vasitəçilik etməyə hazır olduğunu, lakin yaxın perspektivdə sülh danışıqlarının başlanacağına dair nikbin olmadığını deyib.
Bəs Türkiyənin sülh məsələsində vasitəçi olma ehtimalı nə qədər realdır?
Siyasi şərhçi Çingiz Şahbazi Redaktor.az-a bildirdi ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın bəyanatı əslində Ankaranın 2022-ci ildən bu yana bu istiqamətdə davam etdirdiyi xəttin davamıdır:
"Türkiyə həm Ukrayna ilə, həm də Rusiya ilə dialoqu saxlayan azsaylı NATO ölkələrindən biridir və bu səbəbdən özünü vasitəçi kimi təqdim edir. Hakan Fidanın bəyanatı da məhz bu səbəbdən yerində olan təqdimatdır və Ankara bir daha Rusiya və Ukrayna nümayəndələrini qəbul etməyə hazır olduğunu bəyan edir. Bu istiqamətdə Türkiyənin digər ölkələrdən üstünlükləri var. Hər iki ölkə ilə Türkiyənin diplomatik kanalları mövcuddur və 2022-ci ildən Ankara danışıqlara ev sahibliyi edib. Qara dəniz taxıl sazişinin əldə olunmasında əsas vasitəçilərdən biri olub. Daha sonrakı illərdə əsirlərin dəyişdirilməsinin təşkilində Ankara mühüm rol oynayıb."
Politoloqun fikrincə, Hakan Fidanın yaxın perspektivdə sülh danışıqlarının başlanacağına dair nikbin olmadığını qeyd etməsi Rusiya və Ukraynanın sülh şərtlərinin hələ də bir-birindən uzaq olması ilə bağlıdır:
"Tərəflər hərbi üstünlüyü əldə etmək üçün sanki yarışırlar və bu hal ciddi güzəştlərə getməyə imkan vermir. Bu baxımdan yaxın vaxtlarda sülh yolu ilə məsələlərin həlli ehtimalı aşağı görünür. Bu baxımdan Türkiyə rəsmiləri Qara dənizdə gərginliyin azalmasına çalışırlar və bu istiqamətdə nikbin olmasalar belə, fəaliyyətlərini davam etdirirlər. Türkiyənin NATO ölkəsi olması və xüsusilə də Rusiya ilə əlaqələrini qoruyub saxlaması ona xüsusi diplomatik mövqe verir və bu səbəbdən də Ankaranın vasitəçilik imkanlarını artırır. Türkiyə son illər ərzində özünün diplomatik çəkisini kifayət qədər artırıb və bu da ona xüsusi imkan verir ki, vasitəçilik missiyasını davam etdirsin.
Ankaranın yeni danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirməsi hər şeydən öncə Moskva və Kiyevin siyasi iradəsindən asılıdır. Hazırkı dövrdə Türkiyənin vasitəçilik etməsi real görünür. Çünki hər iki tərəf Ankaranı danışıqlar prosesində vasitəçi kimi qəbul edir. Amma heç şübhəsiz ki, Türkiyə bu missiyanı təkbaşına həyata keçirə bilməz. Bu baxımdan da Hakan Fidan bu istiqamətdə nikbin olmadığını dilə gətirib. Bu da dünya liderlərinin bununla bağlı fikirləri ilə üst-üstə düşür."
Aytəkin TOFİQQIZI













