"İnvestisiyaların ölkəyə cəlb olunması sürətlənə bilər" - Deputat
"Milli iqtisadiyyat texnoloji dəyişikliklər dövrünə qədəm qoyur və görünən odur ki, gələcək inkişaf rəqəmsallaşma və yeni texnologiyaların geniş tətbiqi ilə səciyyələnəcək. Bu gün müzakirə etdiyimiz qanun layihəsi və ona bağlı qanunvericilik dəyişiklikləri ölkəmizin rəqəmsal gələcəyinə, startap ekosisteminin inkişafına və gənc sahibkarlara verilən mühüm strateji dəstək kimi qiymətləndirilə bilər".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov “Kraudfandinq haqqında” qanun layihəsi barədə danışarkən bildirdi.
"Hamımız bilirik ki, bu gün startapların, eləcə də kiçik və orta sahibkarların qarşısında duran əsas problemlərdən biri maliyyə resurslarına çıxışın məhdud olmasıdır. Ənənəvi bank mexanizmləri yüksək riskli hesab etdikləri innovativ layihələrin maliyyələşdirilməsində ehtiyatlı davranır, ağır girov tələbləri irəli sürür. Təklif olunan qanun layihəsi isə bu maneələri aradan qaldıraraq rəqəmsal platformalar vasitəsilə innovativ ideya müəlliflərinə yeni investisiya mənbələrinə çıxış imkanı yaradır. Layihənin ən mühüm üstünlüklərindən biri ondan ibarətdir ki, o, təkcə maliyyələşmə imkanlarını genişləndirmir, eyni zamanda Mərkəzi Bankın tənzimləyici funksiyası, xüsusi reyestr sistemi və investorların vəsaitlərinin qorunmasına xidmət edən mexanizmlər vasitəsilə bazarda etibarlı mühit formalaşdırır. İnvestor hüquqlarının bu səviyyədə qorunması həm daxili, həm də xarici rəqəmsal investisiyaların ölkəyə cəlb olunmasını sürətləndirə bilər", - deyə o vurğuladı.
NURİYYƏ













