"Türkiyə artıq yalnız silah satılan bir müttəfiq deyil" - İsmail Cingöz

 17:21 07.07.2026     896

"Donald Trampın NATO Liderlər Zirvəsi çərçivəsində Türkiyəyə etdiyi səfər, yalnız ittifaqın gündəmi ilə izah oluna biləcək sıradan bir diplomatik təmas kimi qiymətləndirilməməlidir. Trampın səfərdən əvvəl Prezident Rəcəb Tayyib Ərdoğana yönəlik müsbət fikirlər səsləndirməsi və "Ərdoğan olmasaydı, bu toplantıya qatılmazdım" şəklindəki bəyanatı Türkiyənin yeni geosiyasi çəkisinə verilən önəmin bir göstəricisidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz səsləndirdi.

Onun sözlərinə görə, bu çərçivədə, görüşlərin ən diqqətçəkən mövzularından birinin müdafiə sənayesi sahəsindəki əməkdaşlıq olacağı gözlənilir:

"Xüsusilə ABŞ-nin Türkiyəyə tətbiq etdiyi sanksiyaların ləğv edilməsi və ya yumşaldılması, Türkiyənin yenidən F-35 proqramına daxil edilməsi, F-16 Blok-70 tədarükü ilə mövcud F-16 donanmasının modernləşdirilməsinə yönəlmiş texniki avadanlıqların təhvil verilməsi və Türkiyənin milli döyüş təyyarəsi KAAN-da istifadə oluna biləcək mühərrik texnologiyalarına dair əməkdaşlıq ehtimalları gündəmə gələ bilər. Hər nə qədər bu mövzuların mühüm bir hissəsi ABŞ Konqresi və müdafiə bürokratiyasının təsdiq proseslərindən asılı olsa da, Trampın Türkiyə ilə strateji tərəfdaşlığı yenidən gücləndirməyə yönəlmiş müsbət mesajlar verməsi, iki ölkə arasında son illərdə yaşanan etimad böhranının aşılması baxımından yeni bir dövrün qapısını aça bilər".

O qeyd etdi ki, bu gün NATO klassik Soyuq müharibə dövründəki strukturundan fərqli bir transformasiya prosesindən keçir:

"Mən bunu "NATO 3.0" kimi xarakterizə edirəm. Bu yeni dövrdə NATO yalnız hərbi ittifaq deyil; texnologiya, müdafiə sənayesi, enerji təhlükəsizliyi, hibrid təhdidlər və qlobal güc rəqabətinin də əsas platformalarından birinə çevrilir. Trampın bu səfəri Türkiyənin yeni təhlükəsizlik arxitekturasındakı mərkəzi rolunun Vaşinqton tərəfindən də açıq şəkildə qəbul edildiyini göstərir. Digər tərəfdən, ABŞ ilə bəzi Avropa müttəfiqləri arasında son illərdə yaşanan fikir ayrılıqları Avropanın Amerikanın təhlükəsizlik çətirinə olan asılılığını yenidən ortaya qoyub".

Siyasi şərhçinin sözlərinə görə, ABŞ-nin təmin edəcəyi hərbi güc, kəşfiyyat, logistik dəstək və nüvə çəkindiriciliyi olmadan Avropanın qısamüddətli perspektivdə müstəqil bir müdafiə sistemi qurmasının olduqca çətin olduğu görünür:

"Bu səbəbdən Vaşinqton NATO-nun gələcəyində Türkiyənin hansı strateji mövqeyi tutacağını da yaxından izləyir. Türkiyə isə bu gün yalnız NATO-nun cənub cinahındakı mühüm bir müttəfiq deyil. O, eyni zamanda Qara dəniz, Qafqaz, Yaxın Şərq, Şərqi Aralıq dənizi və türk dünyasını bir-birinə bağlayan geostrateji mərkəz mövqeyindədir. Bu səbəbdən nə ABŞ, nə də Avropa Türkiyəni kənarda qoyaraq yeni təhlükəsizlik arxitekturası inşa edə bilər. Mənim uzun müddətdir dilə gətirdiyim qənaətə görə, dünya bütövlüklə bircütlü və ya klassik ikicütlü sistemə deyil, çoxmərkəzli yeni bir beynəlxalq düzənə doğru irəliləyir. Bu çərçivədə Şərqin yüksələn iqtisadi mərkəzi Çin olduğu halda, Qərbin maliyyə və strateji mərkəzlərindən biri kimi Böyük Britaniyanın öz təsirini qoruyub saxladığı görünür. Bununla yanaşı, Türkiyə və Azərbaycanın öncüllüyü ilə inkişaf edən Türk Dövlətləri Təşkilatının və türk dünyasının isə üçüncü geosiyasi qütb olmaq potensialının getdikcə gücləndiyi düşüncəsindəyəm".

İsmail Cingöz qeyd etdi ki, Trampın Türkiyə səfəri yalnız NATO sammitində iştirak kimi deyil, həm də yeni qlobal güc balanslarında Türkiyənin mövqeyini, seçimlərini və strateji rolunu birbaşa qiymətləndirməyə yönəlmiş diplomatik bir gediş kimi  qiymətləndirilməlidir.

"Vaşinqton baxımından Türkiyə artıq yalnız silah satılan bir müttəfiq deyil; Rusiyanın balanslaşdırılması, Qara dənizdə təhlükəsizliyin təmin edilməsi, Yaxın Şərqin yenidən formalaşdırılması və türk dünyası ilə qurulacaq geostrateji tənliyin vazkeçilməz mərkəz ölkəsi kimi dəyərləndirilir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən