Trampın Ankara səfəri iki əsas məqsədə xidmət edir - AÇIQLAMA
"Donald Trampın Türkiyəyə səfərini iki aspektdən qiymətləndirmək olar. Birinci aspekt NATO sammiti ilə bağlıdır. Tramp sammitdə iştirak etməklə ABŞ Prezidenti kimi ölkəsini və alyansın aparıcı üzvünü təmsil edəcək. O, Vaşinqtonun NATO-ya yanaşmasını, qlobal təhlükəsizlik məsələlərinə münasibətini və ABŞ-nin bundan sonrakı dövrdə beynəlxalq proseslərdə hansı mövqedən çıxış edəcəyini açıqlayacaq. Bu baxımdan səfərin əsas hissəsi daha çox rəsmi və protokol xarakteri daşıyır".
Bu barədə Redaktor.az-a ABŞ Prezidenti Donald Trampın Ankaraya olan səfərindən danışan politoloq Həşim Səhrablı bildirdi.
Onun sözlərinə görə, ikinci aspekt isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında keçiriləcək ikitərəfli görüşlə bağlıdır:
"NATO çərçivəsindən kənarda baş tutacaq bu görüşdə liderlər ABŞ-Türkiyə münasibətlərinin gələcəyini, regional və qlobal proseslərə yanaşmalarını, eləcə də əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Məhz bu ikinci istiqamət daha böyük maraq doğurur. Çünki ABŞ və Türkiyə müttəfiq olsalar da, son illərdə münasibətlərdə müəyyən gərginliklər yaşanır. Buna baxmayaraq, iki ölkənin təhlükəsizlik və strateji əməkdaşlıq baxımından bir-birinə ehtiyacı davam edir. Görüşdə əsas müzakirə mövzularından biri regional münaqişələr olacaq. Ukrayna məsələsində Ankara və Vaşinqtonun mövqeləri bir çox hallarda üst-üstə düşsə də, Yaxın Şərq siyasətində ciddi fikir ayrılıqları mövcuddur. Xüsusilə İsrail-İran qarşıdurması fonunda tərəflərin yanaşmaları fərqlənir. Türkiyənin İsraillə münasibətləri gərgin olduğu halda, ABŞ İsrailin əsas müttəfiqidir. Digər tərəfdən, Vaşinqtonla Tehran arasında münasibətlər son dərəcə gərgindir, lakin Ankara İranla qonşuluq və regional maraqlar çərçivəsində əməkdaşlığı davam etdirir. Bu baxımdan tərəflərin həm ortaq maraqları, həm də fikir ayrılığı yaratdığı məsələlər ətrafında geniş müzakirələrin aparılması gözləniləndir".

Siyasi şərhçi hesab edir ki, Ərdoğan bu görüşdən Türkiyənin milli maraqlarını daha qətiyyətlə gündəmə gətirmək üçün istifadə etməyə çalışacaq.
"Hazırda ABŞ qlobal miqyasda bir neçə böhranla eyni vaxtda üzləşib və etibarlı regional tərəfdaşlara əvvəlkindən daha çox ehtiyac duyur. Ankara da bu vəziyyəti öz mövqeyini gücləndirmək üçün fürsət kimi qiymətləndirə bilər. Görüşdə F-35 proqramı, müdafiə sənayesi sahəsində əməkdaşlıq, eləcə də Türkiyənin iqtisadi problemlərinin aradan qaldırılmasında ABŞ-nin oynaya biləcəyi rol kimi məsələlərin gündəmə gəlməsi mümkündür. Bununla yanaşı, yaxın perspektivdə konkret və fundamental nəticələrin əldə olunacağını gözləmirəm. ABŞ müəyyən çətinliklərlə üzləşsə də, hələ də qlobal proseslərə təsir imkanlarını qoruyur. Vaşinqtonun Türkiyə kimi regional gücə strateji üstünlüklər verəcək addımları atmağa hazır olub-olmadığı isə açıq sual olaraq qalır. Hətta Tramp belə bir iradə nümayiş etdirsə belə, ABŞ dövlət institutlarının buna hansı münasibəti göstərəcəyi də ayrıca müzakirə mövzusudur. Bununla belə, bir məqam aydındır: ABŞ artıq anlayır ki, mövcud geosiyasi şəraitdə təkbaşına hərəkət etməsi əvvəlki qədər asan deyil. Ona real hərbi potensiala, diplomatik təsir imkanlarına və regional nüfuza malik etibarlı tərəfdaşlar lazımdır. Türkiyə də bu tərəfdaşlardan biri olmaq potensialına sahib ölkələr sırasında yer alır", - deyə Səhrablı yekunlaşdırdı.
NURİYYƏ













