“ABŞ Azərbaycanın səylərini yüksək qiymətləndirir” - Deputat
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edərkən bildirib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var.
Dövlət başçısı iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun iki ölkə, eyni zamanda, region üçün çox önəmli olduğunu da deyib.
Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadənin sözlərinə görə, Azərbaycan ABŞ ilə münasibətlərinə həmişə xüsusi önəm verir:
"ABŞ dünya siyasətində, iqtisadiyyatında, diplomatiyasında böyük rol oynayan ölkələrdən biridir və Azərbaycan tərəfindən də bu ölkə ilə hərtərəfli əlaqələrin qurulması üçün maksimum səylər göstərilir. Təəssüf ki, müəyyən dövrlərdə Azərbaycanın səylərinin qiymətləndirilməməsi və yaxud da Azərbaycana qarşı ədalətsiz mövqe tutulması halları da olur. Ancaq ABŞ-nin indiki lideri Donald Trampın vaxtında ABŞ-Azərbaycan münasibətləri bu gün ən yüksək səviyyəyə çatıb".

Millət vəkili vurğuladı ki, Tramp Azərbaycanın beynəlxalq birlikdəki rolunu yüksək qiymətləndirir:
"İkitərəfli əlaqələrin genişlənməsinə böyük önəm verir. Onun tapşırığı ilə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu yaxınlarda Bakıya səfər etdi. Azərbaycanla strateji tərəfdaşlıq barədə saziş imzalanıb. Bədnam 907-ci düzəlişin aradan qaldırılması üçün bu gün Konqresdə addımlar atılır. Görünən ondan ibarətdir ki, ABŞ Azərbaycanın regionda, eyni zamanda dünyada sülhün təmin edilməsi istiqamətində səylərini yüksək qiymətləndirir və hər iki ölkənin sülh, əməkdaşlıq naminə birgə səylərinin artacağı tamamilə gözləniləndir".
Aytəkin TOFİQQIZI













