"ABŞ-Azərbaycan əlaqələri yüksələn dinamika ilə inkişaf edir”
"ABŞ-Azərbaycan əlaqələri yüksələn dinamika ilə inkişaf edir. Hər iki ölkə liderləri ABŞ Prezidenti Donald Tramp və Azərbaycan lideri İlham Əliyev arasında dostluq və səmimi münasibətlər Bakı ilə Vaşinqtonun strateji tərəfdaşlıq müstəvisinə qalxmasında öz xüsusi töhfəsini verməkdədir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Əli Orucov ABŞ-Azərbaycan münasibətlərindən danışarkən səsləndirdi.
"ABŞ-Azərbaycan əlaqələrinin möhkəmlənməsi imkan verir ki, regionda sülhün və təhlükəsizliyin təmin edilməsində də Vaşinqton fəal şəkildə iştirak etsin. Ötən ilin 8 avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan liderlərinin keçirdiyi görüşlər və imzalanan sənədlərdən sonra Cənubi Qafqazda yeni bir dönəmin özülü qoyuldu. Xüsusən də Azərbaycan-Ermənistan sülh sazişinin paraflanması inteqrasiyanın gücləndirilməsinə, ticari və nəqliyyat kommunikasiya əlaqələrinin genişləndirilməsinə stimul verdi. Təsadüfi deyil ki, bu il Mayamidə keçiriləcək zirvə görüşündə Azərbaycan da dəvət alıb. ABŞ-nin Cənubi Qafqaza maraqları həm də bölgənin təhlükəsizliyi və sabitliyi üçün təminat yaradır. Vitse-prezident Cey Di Vensin və dövlət katibi Marko Rubionun bölgəyə səfərləri, eləcə də senator Stiv Deysin Bakıya gəlməsi Cənubi Qafqazın gələcək taleyinin müəyyənləşməsində və qətiləşməsində mühüm əhəmiyyət kəsb edir. Cənubi Qafqaz geostrateji region olaraq əvvəlkindən daha vacib və daha aktual mövzudur", - deyə siyasətçi bildirdi.
Aytəkin TOFİQQIZI













