"Sanksiyaların aradan qalxması ABŞ-Türkiyə münasibətlərində yeni səhifə açacaq" - Əziz Əlibəyli

 12:23 08.07.2026     403

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib ki, Vaşinqton Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək.

Maraqlıdır, bəs bu vaxta qədər ABŞ tərəfindən Türkiyəyə hansı sanksiyalar tətbiq edilib?

Sanksiyaların ləğvi ABŞ-Türkiyə münasibətlərinə necə təsir göstərəcək?

Politoloq Əziz Əlibəyli ABŞ tərəfindən Türkiyəyə tətbiq edilən sanksiyalardan Redaktor.az-a danışarkən bildirdi ki, prosesin arxasındakı ən böyük və təsirli dalğa 2020-ci ilin dekabrında gəlib:

"Türkiyənin 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması Vaşinqtonun səbrini daşırdı və ABŞ tarixində ilk dəfə bir NATO müttəfiqinə qarşı CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) işə salındı. Qanunun 231-ci maddəsinə əsasən tətbiq edilən bu qadağalar birbaşa Türkiyə Müdafiə Sənayesi Başqanlığını (SSB) və qurumun o zamankı rəhbəri İsmayıl Dəmir başda olmaqla Faruk Yiğit, Serhat Gəncoğlu və Mustafa Alper Dəniz kimi kritik şəxsləri hədəf seçmişdi. Bu sanksiya paketi SSB-nin ABŞ-dən ixrac lisenziyası almasını qadağan edir, Amerika banklarından 10 milyon dollardan çox kredit götürməsinin qarşısını kəsir və Beynəlxalq Maliyyə İnstitutlarında rəsmi Ankaranın əleyhinə səs verilməsini tələb edirdi. Siyahıdakı şəxslərin ABŞ-dəki aktivləri dondurulmuş, özlərinə isə viza qadağası qoyulmuşdu. Amma bu böhranın Türkiyə üçün bəlkə də ən ağır nəticəsi F-35 qırıcı təyyarə proqramından çıxarılması və layihədəki istehsal tərəfdaşlığının dərhal dayandırılması idi".

Həmsöhbətimiz vurğuladı ki, digər sanksiya cəhdləri isə adətən gərginliyin pik nöqtəsində ortaya çıxan və tez də sönən qısamüddətli hadisələr idi:

"Məsələn, 2018-ci ildə amerikalı pastor Endryu Bransonun həbsinə reaksiya olaraq Türkiyənin Daxili İşlər və Ədliyyə nazirlərinə qarşı sanksiyalar qoyulmuş, Türkiyə poladına 50%, alüminiumuna isə 20% əlavə gömrük rüsumu tətbiq edilmişdi. Pastor azad olunan kimi bu qərarlar da ləğv edildi. Eyni ssenari 2019-cu ildə Türkiyənin Suriyanın şimal-şərqində keçirdiyi hərbi əməliyyat zamanı da təkrarlanıb. ABŞ Prezidenti Donald Trampın imzaladığı icra sərəncamı ilə bəzi nazirliklərə və rəsmilərə qarşı elan olunan məhdudiyyətlər cəmi bir neçə gün sonra qüvvədən düşüb.

Türkiyənin bütün iqtisadiyyatını iflic edəcək qlobal və qalıcı sanksiyalar heç vaxt olmayıb, yeganə ciddi və aktiv qadağa məhz 2020-ci ilin CAATSA sanksiyaları idi".

Əziz Əlibəyli sanksiyaların aradan qalxmasının iki dövlətin münasibətlərinə necə təsir edəcəyindən də danışdı:

"Sanksiyaların aradan qalxması ABŞ-Türkiyə münasibətlərində, sözün əsl mənasında, yeni səhifə açacaq. Bu addım iki NATO müttəfiqi arasındakı ən böyük rəqabət və gərginlik nöqtələrindən birini sıradan çıxarmaqla yanaşı, illərdir donub qalmış müdafiə və iqtisadi əməkdaşlığa da yenidən can verəcək.

Xüsusilə CAATSA qadağalarının ləğvi Türkiyə Müdafiə Sənayesi Başqanlığının və yerli şirkətlərin ABŞ texnologiyalarına çıxışını rahatlaşdıracaq. Bu isə ortaq layihələrin və silah ticarətinin önünü açır. Ən əsası, Ankara üçün kritik əhəmiyyət kəsb edən F-35 proqramına geri qayıtmaq şansı yaranır ki, Tramp da vaxtilə bu mövzuya yaşıl işıq yandıracağına işarə etmişdi. Trampın Türkiyəni “daha sadiq müttəfiq” adlandırması və əlaqələrin indiyədək ən yüksək səviyyədə olduğunu deməsi, rəsmi münasibətlərin həm də şəxsi dialoq və praqmatizm üzərində qurulacağını göstərir.

Bu yeni dönəm həm də Trampın hədəflədiyi 100 milyard dollarlıq ticarət dövriyyəsinə çatmağı sürətləndirə bilər. Suriya, enerji təhlükəsizliyi və terrorla mübarizə kimi regional mövzularda koordinasiya güclənəcək, NATO daxilindəki soyuqluq aradan qalxacaq. Bayden dövrünün gərgin və məsafəli diplomatik abu-havası ilə müqayisədə bu gəlişmə tam mənada bir dönüş nöqtəsidir".

Müsahibimiz diqqətə çatdırdı ki, hər şey bir gecədə düzələn deyil:

"ABŞ Konqresindəki anti-Türkiyə xətti, S-400 böhranının hələ tam həll olmaması və hüquqi prosedurlar ciddi maneə olaraq qalır. Amma ümumi mənzərəyə baxanda, prosesin normallaşmaya və strateji tərəfdaşlığın bərpasına doğru getdiyi aydın görünür. Bu gedişat, şübhəsiz ki, hər iki tərəfin maraqlarına cavab verir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən