“Türkiyə-ABŞ yaxınlaşması Cənubi Qafqaza da təsir göstərəcək” - Türkiyəli general

 18:40 08.07.2026     520

"Mən Donald Trampın Türkiyə səfərini adi protokol səfərindən daha çox, Türkiyə-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı ola biləcək strateji dönüş nöqtəsi kimi qiymətləndirirəm. Ankarada keçirilən NATO Zirvəsi çərçivəsində Trampın Türkiyəyə qarşı sanksiyaların qaldırılacağını deməsi, F-35 məsələsində qərar veriləcəyini bildirməsi və Rəcəb Tayyip Ərdoğanla münasibətlərinə müsbət vurğu etməsi göstərir ki, Vaşinqton Ankara ilə münasibətləri yenidən daha praqmatik və strateji əsasda qurmağa çalışır. Bununla belə, F-35 məsələsində hüquqi və Konqreslə bağlı maneələr hələ tam aradan qalxmayıb".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz səsləndirdi.

Onun sözlərinə görə, bu səfər göstərdi ki, Türkiyə artıq yalnız NATO-nun cənub cinahında yerləşən hərbi müttəfiq deyil, eyni zamanda Qara dənizdən Yaxın Şərqə, Qafqazdan Şərqi Aralıq dənizinə qədər uzanan geniş coğrafiyada ABŞ üçün mühüm strateji tərəfdaşdır:

"İkinci mühüm məsələ Türkiyə-ABŞ münasibətlərində uzun müddətdir mövcud olan S-400, CAATSA sanksiyaları və F-35 məsələlərinin yenidən siyasi dialoq masasına qaytarılmasıdır. Trampın yanaşması göstərir ki, Vaşinqton Türkiyəni itirmək deyil, onunla yeni əməkdaşlıq modeli qurmaq istəyir.

Üçüncüsü, səfərin İran böhranı, Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik fonunda baş tutması Türkiyənin vasitəçi və balanslaşdırıcı dövlət kimi əhəmiyyətini artırır. Ankara həm Qərb dünyasının bir hissəsidir, həm də Rusiya, İran, Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq ölkələri ilə birbaşa danışa bilən nadir NATO dövlətlərindən biridir".

Generalın fikrincə, Trampın səfərinin əsas siyasi mesajı belədir:

"Yeni beynəlxalq sistemdə ABŞ Türkiyəni yalnız regional müttəfiq kimi deyil, Avrasiya və Yaxın Şərq geosiyasətində mühüm güc mərkəzi kimi görməyə başlayır. Əgər səfər zamanı verilən siyasi mesajlar konkret qərarlara çevrilərsə: sanksiyaların aradan qaldırılması, müdafiə sənayesi əməkdaşlığının genişləndirilməsi, F-35 məsələsində irəliləyiş və iqtisadi münasibətlərin gücləndirilməsi istiqamətində real addımlar atılarsa, bu səfər gələcəkdə Türkiyə-ABŞ münasibətlərində yeni dövrün başlanğıcı kimi xatırlana bilər. Azərbaycan və bütövlükdə Cənubi Qafqaz baxımından da bu yaxınlaşma mühüm əhəmiyyət daşıyır. Güclənən Türkiyə-ABŞ dialoqu regionda sabitlik, Orta Dəhlizin təhlükəsizliyi, enerji marşrutları və Azərbaycan-Ermənistan sülh prosesinə də təsir göstərə bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən