ABŞ və İran sülhdən çox müharibəyə yaxınlaşır - PROQNOZ

 18:48 08.07.2026     351

"Həm Amerika Birləşmiş Ştatları, həm də İran danışıqlarda özlərini son dərəcə məsuliyyətsiz aparırlar. Bu cür davam edərsə, müharibənin yenidən başlama ehtimalı sülh razılaşmasının əldə olunması ehtimalından daha yüksəkdir".

Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Abutalıb Səmədov bildirdi.

Onun sözlərinə görə, İran nəyin bahasına olursa-olsun, Hörmüz boğazından gəlir əldə etmək istəyir:

"Ancaq BMT-nin müvafiq beynəlxalq konvensiyalarına görə, İranın Hörmüz boğazından keçidə görə gəmilərdən haqq almaq hüququ yoxdur. Buna görə də müxtəlif yollar axtarır ki, həmin ərazidən keçən gəmilərdən və tankerlərdən müəyyən ödəniş ala bilsin. Bunun üçün marşrutlar müəyyənləşdirməyə çalışır, həmin marşrutlardan kənara çıxan gəmilərə isə raket zərbələri endirir. Buna cavab olaraq ABŞ da İrana zərbələr endirir və görünən odur ki, bu proses davam edəcək. İran gəmilərə zərbə endirəcək, ABŞ isə İranı hədəf alacaq. Bu cür şəraitdə danışıqlar aparmaq olarmı? Təbii ki, olmaz. Hər iki tərəf özlərini qalib elan edir, qarşı tərəfi diz çökdürdüklərini bəyan edir. Eyni zamanda, sülh sazişi imzalamaq istədiklərini bildirirlər".

Siyasətçinin fikrincə, hadisələrin gedişi göstərir ki, ABŞ ilə İranın razılığa gəlməsi ehtimalı müharibənin yenidən başlanması ehtimalından xeyli aşağıdır:

"Əgər iki tərəf danışıqlar apara-apara bir-birinə zərbələr endirirsə, belə vəziyyətdə hansı nəticəyə, hansı sülh razılaşmasına gəlib çıxmaq olar? Əslində bu, sülh danışıqları aparan dövlətlərin necə davranmalı və necə davranmamalı olduqlarını göstərən bir nümunədir. Burada beynəlxalq hüquqla hesablaşmayan, diplomatiyanın qaydalarını ya bilməyən, ya da onları pozan iki tərəf var. Belə bir şəraitdə bu tərəflərin dünyanın gözlədiyi sülh razılaşmasına nail olması çox çətin görünür. Çox güman ki, müharibə yenidən başlayacaq və Yaxın Şərqdə vəziyyət daha da kəskinləşəcək", - deyə o yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən