“Rusiya Türkiyənin danışıqlar təklifinə müsbət cavab verə bilər” - AÇIQLAMA

 18:51 08.07.2026     311

Xəbər verdiyimiz kimi, Ankarada keçirilən NATO sammitində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Rusiya ilə mövcud əlaqə kanallarından istifadə edərək Putini Ukrayna ilə danışıqlar masasına gətirməyə çalışır.

Bəs maraqlıdır, Rusiya danışıqlar masasına gələcək?

Politoloq Asif Nərimanlı Redaktor.az-a açıqlamasında bildirdi ki, Rusiya tərəfi üçün Ukrayna ilə İstanbulda, yəni Türkiyənin vasitəçiliyi ilə danışıqlar aparmaq daha məqsədəuyğun hesab oluna bilər:

"Çünki bu, ilk növbədə İstanbul razılaşmalarını yenidən aktuallaşdırır. Rusiya tərəfi əvvəldən çalışır ki, müharibənin ilk dövrlərindən sonra İstanbulda keçirilən görüşlərdə əldə olunan razılaşmalar əsasında danışıqlar aparılsın. “İstanbul protokolları” adlandırılan həmin razılaşmaların yenidən müzakirə prosesində baza prinsipi kimi götürülməsini istəyir. Yəni Rusiya və Ukrayna arasında aparılacaq danışıqlarda məhz həmin razılaşmaların əsas götürülməsi Moskvanın maraqlarına daha uyğun görünür. Bu baxımdan, Rusiya üçün Amerikanın təşəbbüsü ilə keçirilən danışıqlardansa, Türkiyədə təşkil olunan danışıqlar daha məqsədəuyğun ola bilər. Təbii ki, bu prosesdə ABŞ tərəfi də iştirak edə bilər. Lakin danışıqlar Türkiyədə keçiriləcəksə, ehtimal olunur ki, İstanbul razılaşmaları əsas müzakirə platformalarından biri kimi ön plana çıxacaq".

Prezident İlham Əliyev hədəfləri elan etdi”-Asif Nərimanlı

Müsahibimizin fikrincə, Türkiyə tərəfinin təklifi Rusiya üçün qəbulolunan görünə bilər və Moskva buna razılıq verə bilər:

"Hazırda müharibə meydanındakı vəziyyətə, eləcə də hər iki tərəfin mövqeyinə nəzər saldıqda, böyük ehtimalla həm Rusiya, həm də Ukrayna yenidən danışıqlar masasına qayıtmaq niyyətindədir. Qarşılıqlı raket və dron hücumları da müəyyən mənada danışıqlar prosesində tərəflərin mövqelərini gücləndirmək cəhdi kimi qiymətləndirilə bilər. Ukrayna tərəfi Rusiyanı sülhə məcbur etmək məqsədilə raket və dron hücumları həyata keçirdiyini bildirir. Rusiya isə bu hücumlara cavab verir. Bütün bunlar göstərir ki, tərəflərin yenidən danışıqlar masasına qayıtması ehtimalı qalır. Rusiya üçün isə Türkiyədə keçiriləcək danışıqlar İstanbul razılaşmalarının baza prinsiplərinin müzakirəyə çıxarılması baxımından daha uyğun görünür. Bu səbəbdən hesab edirəm ki, Rusiya tərəfi indi olmasa belə, qarşıdakı dövrdə Türkiyənin bu təklifinə müsbət cavab verə bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən