“Cənubi Qafqaz məsələsinin NATO-da müzakirəsi faydalı olardı” - Deputat

 14:01 09.07.2026     585

“Cənubi Qafqaz məsələsi gündəmimizə gəlmədi. Ancaq bildiyiniz kimi, bu məsələ istənilən an gündəmə gələ bilər. İstənilən vaxt telefon danışığı da apara bilərik”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Sammitindən sonra keçirdiyi mətbuat konfransında deyib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında parlamentin komitə sədri Fazil Mustafa bildirdi ki, bu gün NATO-nun əsas diqqəti Rusiya-Ukrayna müharibəsinə yönəlib.

"Bu səbəbdən Alyans hazırda əlavə və ya prioritet hesab edilməyən mövzulara geniş yer ayırmır. Güman edilir ki, Ermənistanla Azərbaycan arasında müəyyən ümumi anlaşma mövcuddur və bu istiqamətdə məsələlərin gələcəkdə ikitərəfli təmaslar vasitəsilə də müzakirə olunması mümkündür".

Siyasətçinin fikrincə, bu məsələnin NATO-nun gündəmində yer alması daha məqsədəuyğun olardı:

"Ən azı Alyansın diqqətinin sülh danışıqlarının yekunlaşdırılması və kommunikasiyaların açılması məsələsinə yönəlməsi müsbət nəticələr verə bilərdi. Lakin görünən odur ki, bu dəfə həmin məsələ gündəmə çıxarılmayıb. Yəqin ki, bunun üçün uyğun platforma və ya zəruri şərait formalaşmayıb. NATO-nun əsas diqqəti Ukrayna müharibəsinə yönəldiyi üçün müzakirələrin də əsas hissəsi məhz bu mövzu ətrafında aparılıb".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən