NATO zirvəsində bədən dili savaşı: Liderlərin jestləri nəyi göstərdi?

 17:51 09.07.2026     751

Beynəlxalq siyasətdə liderlərin verdiyi mesajlar təkcə çıxışları və qəbul etdikləri qərarlarla məhdudlaşmır. Onların bədən dili, jest və mimikaları, baxışları, geyim tərzi, eləcə də protokol çərçivəsində nümayiş etdirdikləri davranışlar da ictimaiyyət və ekspertlər tərəfindən diqqətlə izlənilir. Xüsusilə dövlət başçılarının bir araya gəldiyi beynəlxalq sammitlərdə bu detallar diplomatik münasibətlər, liderlərin psixoloji vəziyyəti və qarşı tərəfə vermək istədikləri mesajlar barədə müəyyən təsəvvür formalaşdırır.

Məhz bu baxımdan 7-8 iyul tarixlərində Ankarada keçirilən NATO-nun 36-cı Liderlər Zirvəsi də diqqət mərkəzində oldu. Zirvə görüşündə NATO-ya üzv 32 ölkənin lideri iştirak etdi.

Bəs liderlərin zirvə boyu nümayiş etdirdikləri bədən dili və imic seçimləri bizə nə deyir?

Redaktor.az-a danışan türkiyəli psixoloji məsləhətçi və bədən dili üzrə təlimçi Bilal Çinkılıç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Ciorcia Meloni, Albaniyanın Baş naziri Edi Rama və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin bədən dilini təhlil etdi:

"Prezident Ərdoğanla Donald Tramp arasında kifayət qədər səmimi münasibətin olduğu hiss olunsa da, zaman-zaman onların bir-biri üzərində üstünlük qurmağa çalışdıqları da diqqətdən yayınmır. Məsələn, Tramp təyyarədən endikdən sonra Ərdoğanı görür və qısa müddət dayanaraq onun özünə tərəf gəlməsini gözləyir. Bu davranış "kiçik böyüyün ayağına gedər" anlayışına əsaslanan üstünlük nümayişi kimi qiymətləndirilə bilər. Daha sonra Tramp əlini Ərdoğanın demək olar ki, boynunun arxa hissəsinə toxunacaq qədər yaxınlaşdırır. Sonrakı anlarda isə Prezident Ərdoğan Trampın qolundan tutaraq barmağı ilə getməli olduğu istiqaməti göstərir və onu yönləndirir. Ardınca yenidən qolundan tutaraq özünə tərəf çəkir".

O əlavə etdi ki, Prezident Ərdoğan digər liderlərlə əl sıxarkən adətən qarşı tərəfin biləyini də digər əli ilə tutur:

"Bu, nəzarəti əlində saxlamaq istədiyini göstərən jest kimi qiymətləndirilir. Danışarkən və hərəkət edərkən tələsməməsi də onu daha güclü və hadisələrin mərkəzində olan lider kimi göstərir. Məsələn, ailə fotosu üçün liderlər bir-bir çağırılarkən bəzi liderlərin sürətlə yeriməsi onların tələsik və zəif təsir bağışlamasına səbəb olurdu. Prezident Ərdoğanın yanında olduğu zaman Trampın özünü "təhlükəsiz limanda" hiss etdiyini göstərən davranış əlamətləri müşahidə olunur. Birbaşa göz təması və bir-birinə tərəf dönmüş duruş qarşılıqlı etimadın göstəricisi hesab edilir". 

Mütəxəssisin sözlərinə görə, Tramp ümumilikdə gözlənilməz, qarşı tərəfə təzyiq göstərən və nəzarətçi üsluba malik liderdir:

"O, hər zaman diqqət mərkəzində olmağı sevir. Trampla əl sıxarkən əlinizi bədəninizə yaxın saxlamaq tövsiyə olunur. Əks halda o, sizi özünə tərəf çəkərək tarazlığınızı poza bilər. NATO-nun Baş katibi və Prezident Ərdoğanla şəkil çəkdirdikdən sonra digər liderlər kimi növbəyə durmalı olması onda müəyyən narahatlıq yaratmış kimi görünürdü. Buna baxmayaraq, hörmət etdiyi nadir liderlərdən birinin Prezident Ərdoğan olduğu açıq hiss olunur. Ərdoğanı görəndə gülümsəməsi, qısa müddət gözləməsi və səmimi davranması bunu göstərən məqamlardandır.

Makronu bu zirvənin ən nümayişkaranə lideri adlandırmaq olar. Gün eynəyi, geniş təbəssümü və zərif kostyumu ilə onun enerjisi dərhal diqqət çəkirdi. Zirvə boyu bədən dili baxımından Ərdoğanla sanki rəqabət aparmağa çalışsa da, əksər hallarda buna nail ola bilmədi.

Makronun birinci xanım Əminə Ərdoğanın əlini öpməyə cəhd etməsi ciddi protokol səhvi kimi qiymətləndirilə bilər. Dövlət başçısının səfər etdiyi ölkənin protokol qaydalarını əvvəlcədən araşdırmaması təəccüb doğurur. Qərb cəmiyyətlərində qadının əlini öpmək XVII-XVIII əsrlərdə nəzakət və hörmət ifadəsi kimi formalaşıb. Şərq cəmiyyətlərində isə bu cür fiziki təmas adətən qəbul edilmir".

Müsahibimizin fikrincə, Makronun rədd cavabı almasına baxmayaraq təbəssümünü davam etdirməsi onun bu vəziyyətə əvvəlcədən hazır olduğunu, hətta bunu planlaşdırmış ola biləcəyini düşündürür.

"Meloni ailə fotosu zamanı Trampla göz-gözə gəlməkdən yayınır, davamlı olaraq başqa istiqamətlərə baxırdı. Həmçinin digər liderlərdən sonra gəlməsi və qapıda Prezident Ərdoğan əvəzinə vitse-prezident Cevdət Yılmaz tərəfindən qarşılanması da protokol baxımından qeyri-adi hal kimi qiymətləndirildi.

Onun geyim seçimi də diqqət çəkirdi. Gündüz sessiyasında geyindiyi parlaq yaşıl rəng müstəqil və diqqətçəkən obraz yaratmaq istəyindən xəbər verirdi. Axşam yeməyində isə qara rəngə üstünlük verməsi ciddilik və güc mesajı kimi qəbul edilə bilər. Gün ərzində bu rəng dəyişikliyi şüurlu imic strategiyası təsiri bağışlayırdı.

Ailə fotosundan əvvəl kameralara düşən kadrlarda Meloni Prezident Ərdoğana tərəf dönərək gülümsədi və birbaşa göz təması qurdu. Ərdoğan da eyni şəkildə cavab verdi. Bu isti və qarşılıqlı münasibət diqqət mərkəzində oldu. Buna qarşılıq Tramp səhnəyə çıxanda Meloni başını çevirərək ciddiləşdi, onunla göz təmasından yayındı və ailə fotosunda İspaniyanın Baş nazirinə yaxın dayanaraq Trampdan fiziki məsafə saxladı. Bəzi şərhçilər bunu diplomatik gərginliyin əlaməti kimi qiymətləndirdilər".

Ekspert qeyd etdi ki, eyni gün, eyni məkanda iki liderə qarşı tam fərqli münasibətin nümayiş etdirilməsi "seçici səmimiyyət" strategiyası kimi şərh oluna bilər.

"Albaniyanın Baş naziri Edi Rama kostyumunun altından geyindiyi ağ idman ayaqqabıları ilə rəsmi geyim qaydalarına meydan oxudu. O, 32 lider arasında ən çox diqqət çəkən simalardan biri oldu. Bu, ilk belə hal deyildi. Rama daha əvvəl Vaşinqtonda keçirilən NATO zirvəsində də eyni tərzi seçmiş, hətta bu seçim Makronun da diqqətini çəkmişdi.

Bu geyim seçimi Harvard Biznes Məktəbinin "Red Sneakers Effect" ("Qırmızı İdman Ayaqqabısı Effekti") nəzəriyyəsi ilə izah oluna bilər. Həmin araşdırmaya görə, geyim normalarını şüurlu şəkildə pozan insanlar cəmiyyət tərəfindən daha güclü, daha müstəqil və yüksək statuslu kimi qəbul olunurlar. Harvard tədqiqatçıları hesab edirlər ki, ciddi protokol qaydalarının hökm sürdüyü diplomatik tədbirdə belə davranış "mən qaydalara tam riayət etmək məcburiyyətində deyiləm" mesajını verərək liderin nüfuzunu və özünəinamını artırır.

Qarşılama mərasimində Mehteran orkestri Mitsotakis və həyat yoldaşı gələn zaman "Cəddin Dədən" marşını ifa etdi. Bu vəziyyət Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisi xeyli təəccübləndirdi. Mətbuat konfransının sərt hissəsində Mitsotakis "Ölkəm Türkiyə tərəfindən açıq müharibə təhdidi altındadır" dedi. O, Prezident Ərdoğanla Tramp arasında F-35 təyyarələri ilə bağlı müzakirələri şərh etməyəcəyini bildirdi və NATO müttəfiqlərinin Afinanın narahatlıqlarını nəzərə almalı olduğunu vurğuladı.

Bununla yanaşı, çıxışının sonunda Prezident Ərdoğanla əməkdaşlığı davam etdirmək istədiyini bildirərək "yeni səhifə" mesajı verdi. Çıxışın əvvəlində sərt, sonunda isə daha yumşaq ton seçməsi də diqqət çəkən məqamlardan biri oldu", - deyə Bilal Çinkılıç fikirlərini yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən