İran yeni müharibəyə gedəcək? - Sədrəddin Soltan ehtimalları AÇIQLADI

 18:10 09.07.2026     466

ABŞ Prezidenti Donald Trampın son açıqlamaları fonunda Yaxın Şərqdə gərginliyin yenidən artacağı ilə bağlı müzakirələr davam edir.

Redaktor.az-a danışan politoloq Sədrəddin Soltanın fikrincə, Trampın sərt bəyanatlarını münaqişənin gələcək inkişafını müəyyən edən əsas amil kimi qiymətləndirmək düzgün deyil. Ekspert hesab edir ki, mövcud şəraitdə tərəflərin maraqları danışıqların bərpasını və diplomatik prosesin davam etdirilməsini zəruri edir:

"Donald Trampın çıxışları əvvəllər də müəyyən təzadlarla müşayiət olunub. Məsələn, İranı dünya siyasi xəritəsindən siləcəyinə dair sərt bəyanatlardan sonra Tehran hakimiyyəti ilə qarşılıqlı anlaşmaya yönəlmiş memorandumun imzalanması baş verdi. Ona görə də bu cür açıqlamalar nəzərə alınmalıdır, lakin əsas amil hesab edilməməlidir. Əsas məsələ tərəflərin maraqlarıdır. Həmin maraqlar isə atəşkəsin qorunmasını və sülh sazişinin imzalanmasını tələb edir. Bu baxımdan hesab etmək olar ki, tərəflər yenidən danışıqlar masasına qayıdacaq və diplomatik prosesi qaldığı yerdən davam etdirəcəklər".

Müsahibimiz qeyd etdi ki, münaqişənin yenidən genişmiqyaslı xarakter alması ehtimalı yüksək görünmür:

"Əvvəla, İran əvvəlki gücündə deyil. Digər tərəfdən, ölkə daxilində danışıqların aparılmasını dəstəkləyən qüvvələr tədricən üstünlük qazanmağa başlayır. Fikrimcə, bu prosesin qarşısındakı əsas maneələrdən biri İran İnqilab Keşikçiləri Korpusudur (SEPAH). Hesab edirəm ki, son qarşıdurmanın, eləcə də atəşkəsin pozulması ilə bağlı baş verən hadisələrin əsas təşəbbüskarlarından biri də məhz bu silahlı qurum olub.

Ona görə də yaxın dövrdə tərəflər arasında münaqişənin dərinləşməsindən daha çox, danışıqların davam etdirilməsi ehtimalı yüksək görünür. Çünki bunu həm region dövlətlərinin maraqları, həm də ABŞ-nin regional təhlükəsizlik və milli maraqları tələb edir".

Siyasi şərhçinin fikrincə, bu proses İran İslam Respublikasının daha dərin siyasi və iqtisadi böhranla üzləşməsinin qarşısını ala bilər:

"Müharibə və uzunmüddətli qarşıdurma İranı daha ağır vəziyyətə sürükləyə biləcək amillərdəndir. Hakimiyyətdə təmsil olunan qüvvələrin də belə bir ssenaridə maraqlı olduqlarını düşünmürəm. Bu baxımdan, İran daxilində danışıqların davam etdirilməsi ilə bağlı ortaq mövqenin formalaşdırılması ilk növbədə elə İranın öz maraqlarına uyğundur. Əks halda, İran bu tip qarşıdurmaları davam etdirər və ya danışıqlardan yayınarsa, perspektivdə region ölkələrinin Tehrana münasibətinin daha da sərtləşməsi mümkündür. Bu isə gələcəkdə İranın həmin dövlətlərlə münasibətlərinin normallaşdırılmasını və əməkdaşlığın bərpasını daha da çətinləşdirə bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən