"ABŞ İranda elə hədəfləri vurdu ki, qarşı tərəf danışa bilmir" - Deputat

 21:12 09.07.2026     651

ABŞ-nin İrana endirdiyi son hava zərbələri təkcə hərbi əməliyyat deyil, eyni zamanda regionun nəqliyyat-logistika xəritəsini dəyişdirməyə hesablanmış strateji addımdır.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib.

O bildirib ki, NATO-nun Ankara Zirvəsi çərçivəsində ABŞ-nin İrana endirdiyi hava zərbələrinin əsl mahiyyəti ilə bağlı qarşı tərəfdən, demək olar ki, heç bir şərh verilmir:

"Bu isə iki halda baş verir: ya hədəfdən yan keçilir, məqsədə çatılmır, ya da zərbə o qədər sərrast və sarsıdıcı olur ki, heyrətdən donub qalmaqdan başqa deməyə söz qalmır. Qazaxıstan və Türkmənistan üzərindən keçməklə dəmir yolu ilə İrana yüklərin daşındığı dəhliz boyunca yerləşən Ağ Təkə və İncəburun–Qorqan körpülərinin darmadağın edilməsi, paralel olaraq Bəndər-Abbas, Çabahar və Buşəhr limanlarının vurulması Rusiya ilə İranın sanksiyalardan yayınmaq, Çinin isə alternativ ticarət yolları qurmaq strategiyasına endirilən ağır zərbə idi".

S.Alıyevin sözlərinə görə, ötən il həmin dəhlizlə 3,5 milyon ton yük daşınıb və son aylarda müşahidə olunan dinamika davam etsəydi, bu il həmin marşrutla daşınan yüklərin həcmi Orta Dəhlizdən də çox ola bilərdi.

"Son vaxtlar həmin yolla Çin qatarlarının sayının üç dəfə artdığı qeydə alınırdı. Digər mallarla yanaşı, Körfəz bağlı olduğu zaman İran neftinin mühüm hissəsi də Çinə məhz bu marşrutla çatdırılırdı. Rusiyanın da həmin dəhlizdən Asiya, xüsusilə Hindistan bazarına çıxış və İrandan hərbi təyinatlı məhsulların, dron hissələri və texnoloji komponentlərin təhlükəsiz daşınması üçün istifadə etdiyi bildirilirdi. Buna son qoyuldu və dağıntıların miqyası göstərir ki, bu, uzun müddət davam edəcək", – deyə deputat qeyd edib.

Deputatın fikrincə, Kərəcdə yerləşən B1 körpüsünün, eləcə də Zəncandakı bir neçə oxşar obyektin sıradan çıxarılması Hindistan və İranın Türkiyə və Ermənistan üzərindən Avropaya yükdaşımalarını da əhəmiyyətli dərəcədə çətinləşdirəcək.

"Beləliklə, hər kəsə göstərilir ki, Asiyanı Avropa ilə birləşdirən ən təhlükəsiz quru marşrutu hazırda məhz Orta Dəhlizdir. Zəngəzurda Qacaran və Bərgüşad tunellərini tikməklə Ermənistan üzərindən milyardlarla dollar tələb edən Şimal–Cənub dəhlizi açmağa çalışanların TRİP-ə alternativ marşrut yaratmaq planları isə elə plan olaraq qalacaq", – o vurğulayıb.

S.Alıyev hesab edir ki, ABŞ Prezidenti Donald Trampın bəyanatlarından daha çox atdığı addımlara diqqət yetirmək lazımdır:

"Kimlərsə qələbədən dəm vura, şəbih çıxara, ət tökən tamaşalar göstərə bilərlər. ABŞ isə Prezidentinin bəzən gün ərzində bir-birinə zidd görünən bəyanatları fonunda belə, öz strateji məqsədinə doğru addım-addım irəliləyirirəliləyir".

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən