“Ərdoğanın hədiyyəsi NATO-ya verilmiş simvolik mesajdır” - Türkiyəli general

 17:40 10.07.2026     376

"Ankara NATO Zirvəsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın NATO liderlərinə adları həkk olunmuş Türkiyə istehsalı "Gümüşay .357 Magnum" revolverlərini hədiyyə etməsi adi protokol jestindən daha geniş siyasi və strateji məna daşıyır. Məlumata görə, silahlar xüsusi qutularda təqdim edilib və hədiyyənin praktik tərəfi bəzi ölkələrin silah qanunvericiliyinə görə əlavə prosedurların tətbiqini zəruri edib".

Bu barədə Redaktor.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirdi.

O, bu addımı beş əsas mesaj kimi qiymətləndirdi:

"İlk növbədə, bu, "Türkiyə artıq yalnız silah alan deyil, silah istehsal və ixrac edən dövlətdir" mesajını verir. Hədiyyənin əsas mahiyyəti Türkiyənin müdafiə sənayesinin nümayişidir. NATO Zirvəsində müdafiə istehsalının artırılması və milyardlarla dollarlıq yeni silah müqavilələrinin əsas gündəm mövzularından biri olduğu nəzərə alınarsa, liderlərə məhz Türkiyə istehsalı olan silahın təqdim edilməsi təsadüfi seçim deyil.

Bu jest eyni zamanda strateji müstəqillik mesajı kimi də qiymətləndirilə bilər. Türkiyə uzun illər silah embarqoları, CAATSA məhdudiyyətləri və müdafiə texnologiyalarına çıxış problemləri ilə üzləşib. Ankara Zirvəsində Ərdoğan müttəfiqləri müdafiə sənayesi sahəsində mövcud məhdudiyyətləri aradan qaldırmağa çağırıb. Bu baxımdan hədiyyənin simvolik dili belə oxunur: "Məhdudiyyətlər Türkiyəni dayandırmadı, əksinə, milli müdafiə sənayesini daha da gücləndirdi".

Müsahibimiz əlavə etdi ki, digər tərəfdən, bu addım NATO daxilində Türkiyənin yeni rolunun təqdimatıdır:

"Ankara artıq özünü yalnız coğrafi mövqeyi və böyük ordusu ilə deyil, pilotsuz uçuş aparatlarından hərbi gəmilərə, raketlərdən zirehli texnikaya qədər geniş istehsal imkanlarına malik ölkə kimi təqdim edir. Silah hədiyyəsi də bu yeni statusun kiçik, lakin güclü simvoludur".

Generalın sözlərinə görə, diplomatik psixologiya baxımından da bu jest güc və etimad mesajı daşıyır.

"Diplomatik hədiyyələr dövlətlərin özlərini necə təqdim etmək istədiklərini əks etdirir. Türkiyənin xalça, keramika və ya dekorativ əşya əvəzinə müdafiə sənayesi məhsulu seçməsi Zirvənin təhlükəsizlik və hərbi güc ruhuna uyğun simvolik seçim kimi görünür. Bununla yanaşı, silahların canlı sursatla təqdim edilməsi bəzi Avropa ölkələrinin hüquqi normaları səbəbindən mübahisələrə və logistika problemlərinə də yol açıb. Bu addım həm də müdafiə ixracına yönəlmiş "lider səviyyəsində marketinq" jesti kimi qiymətləndirilə bilər. Hər bir liderin adının silahın üzərinə həkk olunması sadəcə hədiyyə vermək deyil, Türkiyə istehsalının ən yüksək siyasi səviyyədə nümayiş etdirilməsi məqsədi daşıyır. "Reuters"in məlumatında da bu jest Türkiyənin silah ixracındakı yüksəlişi və müdafiə sənayesinin təşviqi ilə əlaqələndirilir. Qısacası, Ərdoğan NATO liderlərinə sadəcə silah deyil, Türkiyənin yeni strateji kimliyini hədiyyə etdi. Bu jest "müttəfiq, istehsalçı və müstəqil güc" obrazının nümayişi kimi qiymətləndirilə bilər.

Eyni zamanda, bu addımın daha incə bir mesajı da var. Ankara Zirvəsi göstərdi ki, Türkiyə NATO-da artıq təkcə "cənub cinahının qoruyucusu" rolunda çıxış etmək istəmir. Ankara gələcək Avropa təhlükəsizlik arxitekturasında istehsal, texnologiya və hərbi güc mərkəzlərindən biri olmaq iddiasını ortaya qoyur. NATO liderlərinə təqdim olunan bu hədiyyə də həmin iddianın simvolik diplomatiya dili ilə ifadəsidir", - deyə Yücel Karauz fikirlərini yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən