Ərdoğanın NATO liderlərinə silah hədiyyəsi nə mesaj verir? - Türkiyəli politoloq AÇIQLADI

 19:21 10.07.2026     462

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO Liderlər Zirvəsindən sonra liderlərə Türkiyə silahları hədiyyə etməsi yalnız simvolik nəzakət jesti kimi qiymətləndirilməməlidir. Bu addım eyni zamanda Türkiyənin müdafiə sənayesində əldə etdiyi texnoloji müstəqilliyi, istehsal potensialını və NATO daxilində artan strateji çəkisini nümayiş etdirən güclü diplomatik mesajdır. Türkiyə artıq yalnız NATO-nun təhlükəsizlik təminatından yararlanan ölkə deyil, eyni zamanda təhlükəsizlik istehsal edən və müttəfiqlərinin ehtiyaclarını qarşılaya bilən mühüm müdafiə təchizatçısı kimi çıxış edir. Bu hədiyyələr "Türkiyənin istehsal etdiyi texnologiyaya güvənirik və bunu müttəfiqlərimizlə bölüşməyə hazırıq" mesajını verir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz səsləndirdi.

Onun fikrincə, bu jest eyni zamanda müdafiə diplomatiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər:

"Müasir dövrdə silah sistemləri yalnız hərbi vasitə deyil, həm də siyasi etimadın, strateji tərəfdaşlığın və texnoloji əməkdaşlığın simvoluna çevrilib. Ərdoğanın məhz müdafiə sənayesi məhsulunu seçməsi Türkiyənin son illərdə inkişaf etdirdiyi yerli və milli müdafiə sənayesinin beynəlxalq səviyyədə çatdığı mərhələni nümayiş etdirir. NATO daxilində müdafiə xərclərinin artırılmasının müzakirə olunduğu bir vaxtda Türkiyə özünü "istehsal edən və ixrac edən ölkə" kimi ön plana çıxarmağa çalışır".

Siyasi şərhçi qeyd etdi ki, təqdim olunan hədiyyələr sadəcə liderlərə verilmiş diplomatik hədiyyə deyil, Türkiyənin dəyişən geosiyasi rolunu, müdafiə sənayesindəki yüksəlişini və NATO daxilindəki strateji mövqeyini əks etdirən yüksək simvolik dəyərə malik xarici siyasət mesajıdır:

"Diplomatiyada hədiyyələr təsadüfi seçilmir. Onlar dövlətlərin vermək istədiyi strateji mesajları əks etdirir. Ərdoğanın müdafiə sənayesi məhsullarını seçməsi ilə NATO liderlərinə birbaşa "Türkiyə artıq yalnız təhlükəsizlik tələb edən deyil, təhlükəsizlik istehsal edən və ixrac edən dövlətdir" mesajı çatdırılıb".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən