ABŞ İranı həm kökə, həm də qılıncla idarə etməyə çalışır - ŞƏRH

 17:52 10.07.2026     165

"Amerika-İran münasibətləri çox seysmik xarakter daşıyır. Bir gün barışırlar, bir gün isə qarşıdurma yaşayırlar. Atəşkəs elan olunur, amma həmin atəşkəs də kifayət qədər zəif olur. Hazırda da atəşkəs rejimi pozulub".

Bu fikirləri Redaktor.az-a açıqlamasında ABŞ-İran münasibətləri haqqında danışan politoloq Əli Mustafa səsləndirdi.

Müsahibimiz vurğuladı ki, burada görünən və görünməyən, bilinən və bilinməyən məqamlar həddindən artıq çoxdur:

"Mən düşünürəm ki, Amerikanın İranla bağlı istəkləri tam şəkildə gerçəkləşməyib. Ona görə də ABŞ sanki İranı bir əlində kökə, digər əlində isə qılınc tutaraq həm yumşaq davranış nümayiş etdirir, həm də təzyiq göstərir. Məqsəd İranı müəyyən müstəviyə gətirmək və ondan istədiklərini əldə etməkdir. İran isə buna müqavimət göstərir. Təbii ki, İran tək deyil, onun arxasında dayanan qüvvələr var və İranın ABŞ tərəfindən ram edilməsini istəməyən tərəflər də onu tək buraxmırlar. Bundan əlavə, İranın kifayət qədər dron və raket ehtiyatı mövcuddur. Bu silahlar elə bazalarda və məntəqələrdə saxlanılır ki, onları zərərsizləşdirmək asan deyil. Buna görə də İranın ABŞ-yə cavab vermək imkanları qalır. Digər tərəfdən, İranın daxilində, hakimiyyət strukturlarında, xüsusilə də SEPAH və onun müxtəlif qolları arasında bu qarşıdurmanın davam etməsində maraqlı olan qüvvələrin olduğu da görünür. Sanki uzunmüddətli sülh dövrü onların mövqelərini zəiflədə bilər. Bu baxımdan qarşıdurma müəyyən mənada həm İranın, həm də Amerikanın bəzi dairələrinin maraqlarına uyğun gəlir".

O nəzərə çatdırdı ki, region ölkələri və vasitəçilər çalışırlar ki, atəşkəs yenidən bərpa olunsun:

"Lakin İranla bağlı mövcud olan əsas problemlər, xüsusilə də ictimaiyyətə açıqlanmayan məsələlər hələ də qalmaqdadır. Mən düşünürəm ki, ABŞ öz əsas məqsədlərinə çatmayınca, İranla uzunmüddətli və davamlı atəşkəs mümkün olmayacaq. Bu səbəbdən münaqişənin fasilələrlə də olsa davam edəcəyi ehtimalı yüksəkdir. Təbii ki, ABŞ hərbi və iqtisadi baxımdan daha güclü tərəfdir. Buna görə də onun üstünlük əldə etmək imkanları daha genişdir. Ancaq İranın da kifayət qədər resursları və imkanları var və hələlik geri çəkilmək niyyətində görünmür. Bu da münaqişənin uzanmasına səbəb olur. ABŞ üçün əsas məsələlər İranın təbii sərvətləri, karbohidrogen ehtiyatları, nadir torpaq elementləri, ölkədəki siyasi rejim və bu resurslar üzərində nəzarət imkanlarıdır. Bu məsələlər hələ tam həll olunmayıb.

Bundan başqa, Hörmüz boğazı da bu və ya digər formada İranın təsir imkanlarının olduğu çox mühüm logistika və beynəlxalq ticarət marşrutudur. Dünyanın əsas dəniz ticarət yollarına nəzarət etməyə çalışan ABŞ üçün Hörmüz boğazının İranın təsir imkanları daxilində olması qəbuledilən vəziyyət deyil. Digər mühüm məsələ isə İrandakı siyasi rejimdir. Müxtəlif şəxslər dəyişsə də, rejimin mahiyyəti dəyişməyib və bu da ABŞ-ni qane etmir. ABŞ bu istiqamətdə də müəyyən dəyişikliklərə nail olmaq istəyir. Nəhayət, nüvə proqramı məsələsi də hələ açıq qalır. Görünən odur ki, bu istiqamətdə də ciddi irəliləyiş əldə olunmayıb. Buna görə də münaqişənin davam etməsinə səbəb olan amillər hazırkı mərhələdə atəşkəsin qorunmasını təmin edən amillərdən daha güclü təsir göstərir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən