“Tramp Ərdoğana görə NATO sammitinə gəldi” - Metyu Brayza

 19:16 10.07.2026     329

"ABŞ Prezidenti Donald Trampın NATO sammitində iştirakı kifayət qədər gərgin atmosferdə başladı. O, Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlər zamanı açıq şəkildə bildirdi ki, sammitdə iştirakının əsas səbəbi Prezident Ərdoğana olan hörmətidir. Tramp NATO üzvlərini müdafiə xərclərini yetərincə artırmamaqda və İran məsələsində ABŞ-yə lazımi dəstəyi verməməkdə sərt şəkildə tənqid etdi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza səsləndirdi.

Onun sözlərinə görə, bu gərgin ab-hava NATO-nun Baş katibi Mark Rutte ilə keçirilən mətbuat konfransında da hiss olunurdu:

"Tramp bəyan etdi ki, onun fikrincə, İranla bağlı danışıqlar və atəşkəs prosesi artıq başa çatıb. O, İranın Hörmüz boğazında gəmilərə hücumlarını kəskin tənqid etdi, Tehran rəhbərliyini qeyri-ciddi davranmaqda ittiham etdi və sərt ifadələr işlətdi. Lakin günün sonrakı saatlarında Prezident Trampın mövqeyində müəyyən yumşalma müşahidə olundu. Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüş zamanı o bildirdi ki, İranın nüvə proqramı ilə bağlı danışıqların davam etdirilməsi və ya yenidən başlanması mümkündür. Tramp Ukrayna ilə bağlı çıxışında müharibəyə görə məsuliyyəti həm Rusiya, həm də Ukrayna arasında bölüşdürməyə çalışsa da, ABŞ-nin Kiyevə dəstəyinin davam edəcəyini də vurğuladı. Bununla yanaşı, o, mühüm bir qərarı açıqladı. Tramp Ukraynanın Rusiyanın ballistik raketlərini zərərsizləşdirə bilən "Patriot" hava hücumundan müdafiə sistemlərinin ölkə daxilində istehsalı üçün lisenziya almasını dəstəkləyəcəyini bildirdi. Bu sistemlərin birbaşa Ukraynada istehsal olunması Kiyev üçün ciddi üstünlük hesab olunur".

Diplomat qeyd etdi ki, NATO-nun yekun bəyannaməsinə nəzər saldıqda isə görünür ki, qapalı qapılar arxasında aparılan müzakirələr zamanı Tramp ABŞ-nin Alyansdakı lider rolunu bir daha ön plana çıxarıb:

"O, Vaşinqtonun NATO qarşısındakı öhdəliklərinə, xüsusilə də kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəyə sadiqliyini bir daha təsdiqləyib. Həmin maddəyə əsasən, NATO üzvü olan hər hansı bir ölkəyə hücum bütün Alyansa edilmiş hücum kimi qiymətləndirilir. Eyni zamanda Tramp NATO-nun Avropa üzvləri və Kanadadan müdafiə xərclərinin artırılması ilə bağlı öhdəlik əldə etməyə nail olub. Bəyannaməyə əsasən, həmin ölkələr 2035-ci ilədək müdafiə xərclərini ÜDM-in 5 faizi səviyyəsinə çatdırmaq istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini təsdiqləyiblər. Bundan əlavə, NATO üzvləri İranın nüvə silahına sahib olmamalı olduğu və Hörmüz boğazında beynəlxalq gəmiçiliyin maneəsiz davam etməsinin vacibliyi ilə bağlı ABŞ-nin mövqeyinə dəstək ifadə ediblər. Ümumilikdə, Trampın İranın Hörmüz boğazındakı fəaliyyətinə görə sərt bəyanatlarla başladığı sammit sonradan daha konstruktiv məcraya keçdi. Yekun bəyannamə də göstərir ki, NATO sammiti Alyansın birliyini və kollektiv müdafiə prinsipinə sadiqliyini bir daha təsdiqləyən müsbət nəticələrlə başa çatıb".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən